Deputatlar Knessetin buraxılmasını birinci oxunuşda təsdiqlədi

   Deputatlar  Knessetin buraxılmasını birinci oxunuşda təsdiqlədi
  28 İyun 2022    Oxunub:997
İsrail Knessetinin (parlamentinin) deputatları birinci oxunuşda qanunvericilik assambleyasının özünü buraxması haqqında qanun layihəsini təsdiqləyiblər.
Bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, parlamentarilər qanun layihəsinə birinci oxunuşda yalnız gecə saatlarında baxa biliblər, sənəd 120 yerlik Knessetin 53 deputatının dəstəyini qazanıb, onun əleyhinə səs verilməyib. Qəzetin yazdığına görə, çərşənbə günü ikinci və üçüncü oxunuşlar keçiriləcək, ondan sonra yekun səsvermə keçiriləcək və Knessetin özünü buraxması haqqında qanun layihəsi qüvvəyə minəcək.

Bundan əlavə, deputatlar mühakimə olunan siyasətçinin hökumət qura bilməyəcəyinə dair qanun layihəsinin hazırkı Knessetdə müzakirə olunmayacağı ilə bağlı razılığa gəliblər. Beləliklə, hazırda korrupsiya ittihamı ilə istintaqa cəlb olunan müxalifət lideri, “Likud” partiyasının rəhbəri və keçmiş baş nazir Benyamin Netanyahu yeni seçkilərdə siyasi qüvvəsinin qalib gələcəyi təqdirdə yenidən hökumətə başçılıq edə biləcək.

İyunun 20-də İsrailin baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişinə əsasən Knessetin buraxılması və Nazirlər Kabinetinin rəhbərinin səlahiyyətlərinin xarici əlaqələr agentliyinin rəhbərinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.

AzVision.az



Teqlər:





Xəbər lenti