Günvurmadan qorunmaq üsulları

Günvurmadan qorunmaq üsulları
  24 İyun 2022    Oxunub:683
Uzun müddət Günəş şüalarına məruz qalmaq orqanizmdə müəyyən fəsadlara səbəb olur. Qızmar hava şəraitində bədən temperaturu kəskin artmağa başlayır ki, bu da günvurmaya gətirib çıxarır. Günvurmanın əsas əlamətləri tərləmə, ürək döyüntülərinin artması, ürəkbulanma və başağrısıdır. Bəzi hallarda burun qanaxması və görmə qabiliyyətinin pozulması da müşahidə olunur. Belə olanda erkən müdaxilə olduqca vacibdir.
Həkim-terapevt Sübhan Hacıyev deyib: “Qızmar Günəş altında olarkən başda hər hansı örtük yoxdursa, günvurma baş verə bilər. Günvurma və istilikvurma orqanizm üçün böyük riskdir, çünki susuzlaşma baş verdiyinə görə qanda qatılaşma və mikroelementlərin yuyulub getməsi hətta huşun pozulmasına qədər aparıb çıxarır. Belə halda zərərçəkəni dərhal kölgəli mühitə gətirmək və çoxlu maye içirmək lazımdır. Əgər su qəbul edə bilmirsə, venadaxili maye qoşmaq lazımdır. Həmin hallarda bədən temperaturunun 38-40 dərəcəyə qədər qalxması baş verir”.

Bədən temperaturu yüksək olarsa, xəstənin başına soyuq sarğı qoymaq, yaxud bədəni yaş əski ilə silmək lazımdır. Həkimlər yalnız günün müəyyən saatlarında açıq havada gəzməyi tövsiyə edirlər. “Gündüz saat 12-yə qədər, axşam saat 5-dən sonra Günəş işığı altına çıxmaq olar, çünki işığın orqanizm tərəfindən ən yaxşı yönləndirmə vaxtları həmin saatlardadır. Saat 12-dən 5-ə qədər olan dövr Günəş şüaları birbaşa bədənə düşür və dəri daha çox zədələnir, dəridə piqmentasiyalar baş verir, hətta dəri xərçənginə səbəb ola bilir”, - deyə həkim-terapevt əlavə edib.

Bunlarla yanaşı sintetik materialdan hazırlanan geyimlər hava keçirmədiyindən onlardan uzaq durmaq lazımdır. İsti havalarda açıq rəngli, pambıq, yaxud kətan parçadan tikilmiş paltarlara üstünlük verilməlidir. Bayırda olarkən geniş kənarlı papaq, çətir və gün eynəklərindən istifadə edilməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti