Partiya sədrləri Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar

   Partiya sədrləri Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar
  24 İyun 2022    Oxunub:901
Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşır.
Səfərin ilk ünvanı Cəbrayıl rayonu olub. Burada səfər iştirakçılarına Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək fürsəti də yaradılıb. Səfər iştirakçıları, həmçinin Füzuli-Zəngilan (Ağbənd) avtomobil yolunda Agentlik tərəfindən görülən işlər barədə geniş məlumatlandırılıb, eyni zamanda, sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında mexaniki minatəmizləmə maşınlarının işi ilə də tanış olublar. Sahələrdə aparılan minatəmizləmə əməliyyatlarında minaaxtaran itlərlə təmizləmə proseslərini də səfər iştirakçılarına izləmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilmiş məlumatları dinləyən səfər iştirakçıları mina xəritələrinin Azərbaycana təhvil verilməməsi faktını rəsmi İrəvanın növbəti hərbi cinayəti kimi bir daha qiymətləndiriblər.

Mina xəritələrindən Ermənistanın siyasi spekulyasiya məqsədilə istifadə etdiyini qeyd edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mövcud istiqamətdə həqiqətlərin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılması prosesində bütün siyasi partiyaların fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Aparılan fikir mübadiləsi çərçivəsində qeyd olunub ki, mülki əhalinin ölümünə və insan faciəsinə səbəb olan Ermənistanın mina xəritələri ilə manipulyasiyalarına son qoyulmalı və beynəlxalq ictimaiyyət bu hərbi cinayətlərə qarşı adekvat tədbirlər görməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti