Çexiya ruslara və belaruslara viza verilməsini dayandırdı

   Çexiya ruslara və belaruslara viza verilməsini dayandırdı
  23 İyun 2022    Oxunub:888
Çexiya ruslara və belaruslara viza və müvəqqəti yaşamaq icazələrinin verilməsini dayandırıb. Qadağa ən azı 2023-cü ilin mart ayının sonuna qədər qüvvədə olacaq. AzVision.az bu barədə Radio Praqa-ya istinadən xəbər verir.
Yerli KİV-in məlumatına görə, Çexiya hökuməti Xarici İşlər Nazirliyinin müvafiq təklifini təsdiqləyib.

“Bu addım Belarus Respublikasının dəstəklədiyi Rusiya Federasiyası qoşunlarının işğalı nəticəsində Ukrayna ərazisində baş vermiş silahlı münaqişə ilə bağlı Çexiyanın xarici siyasət maraqlarının qorunmasına xidmət etməlidir”, - deyə nəşr Çexiya Xarici İşlər Nazirliyindən sitat gətirir.

Qeyd olunur ki, belə bir tədbirin keçirilməsində məqsəd işğalı dayandırmaq və Çexiyanın təhlükəsizliyini təmin etmək üçün Rusiya və Belarusa təzyiq göstərməkdir.

Bununla yanaşı, nəşr qeyd edir ki, artıq yaşayış icazəsi olan xarici vətəndaşlar bu tədbirlərdən təsirlənmir. Belə ruslar və belaruslar standart rejimdə nəzərdən keçiriləcək yaşayış hüququnun uzadılması üçün müraciət etməyə davam edə bilərlər.

Xatırladaq ki, Ukrayna Rusiya ilə viza rejimi tətbiq edib. Yeni qaydalar bu il iyulun 1-dən qüvvəyə minəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Çexiya  





Xəbər lenti