Gələcəyin əsas hədəfi güclü Azərbaycan və Özbəkistandır

   Gələcəyin əsas hədəfi güclü Azərbaycan və Özbəkistandır
  22 İyun 2022    Oxunub:330
“Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev ötən il Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bu Qərar ölkə Prezidentinin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə qəbul olunmuşdu. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalamışdılar. Bu mühüm Qərar bir daha türkdilli ölkələr arasında əlaqələrin bugünkü səviyyəsinə işıq saldı. Ötən ilin noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev ali ordenə görə üzv ölkələrin dövlət başçılarına minnətdarlığını ifadə edərək bildirmişdir ki, bu, türk dövlətləri tərəfindən mənim işimə, fəaliyyətimə verilən çox yüksək mükafat, qiymətdir".
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. O qeyd edib ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Tarixi Zəfərimizin reallıqları fonunda türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış gələcəyə baxmaqdır. Çünki xalqlarımızın və dövlətlərimizin gələcəyi üçün möhkəm təməl yaradılmışdır. Ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır”.

Vüqar Rəhimzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasından, eyni zamanda, Azərbaycanın iki il bu quruma sədrliyi dövründə səmərəli fəaliyyətindən, türk dünyasının birliyinə verdiyi töhfələrdən bəhs edərək deyib: “Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü Özbəkistandır”.

Ölkələrimiz arasında diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir: “İki ölkənin keçdiyi inkişaf yoluna, əlaqələrinin inkişaf tarixinə diqqət yetirsək görərik ki, Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun Azərbaycana 1996-cı ildə reallaşdırdığı ilk səfəri zamanı dövlətlərimiz arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Həmin ildə Türkdilli Dövlət Başçılarının IV Sammitində iştirak etmək üçün Özbəkistanda səfərdə olan ulu öndər Heydər Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, türkdilli dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə, onların müstəqilliyinin möhkəmləndirilməsinə kömək edir. Ümummilli Liderin dost Özbəkistana ilk rəsmi səfəri 1997-ci ilin iyununda reallaşıb və bu səfər münasibətlərin inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Belə ki, həmin səfər çərçivəsində 19 sənəd imzalanıb. Artıq həmin vaxtdan 25 il ötür.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixinin bu gün çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını diqqətə çatdıran Özbəkistan Prezidenti bu xatırlatmanı da etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər. Bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə ehtiram kimi dəyərləndirildi”.

“Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi “həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir söyləyən” YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iki ölkə arasında 20-dək sənəd imzalanıb:

Hər bir sənəd özlüyündə gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. “Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür”.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, iki dost ölkənin əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi tərtib olunur. Bu yol xəritəsi qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa zəmin yaradacaq: “Göründüyü kimi, tarixi zəfərimiz regionda, türk dünyasında, eyni zamanda, ümumilikdə dünyada əlaqələrin yeni formatda və istiqamətlər üzrə inkişafını diktə edir. Hər zaman “Gücümüz birliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyev bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin, bir ölkənin probleminin digər ölkə tərəfindən öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. O da məlumdur ki, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi başa çataraq qardaş Türkiyəyə keçdi. Dövlət başçısı İlham Əliyev qurumun VIII Zirvə Görüşündə bu əminliyi ifadə etmişdir ki, Türkiyə Prezidentinin liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki Türkiyənin siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Özbəkistan və Azərbaycan prezidentləri mətbuata bəyanatlarında da bu əminliyi ifadə etdilər ki, ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət ayrılacaq ki, nəticələr qısa zamanda özünü göstərsin.

AzVision.az

Teqlər:







Xəbər lenti