Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlıya hökm oxundu

   Qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlıya hökm oxundu
  22 İyun 2022    Oxunub:939
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Elxan Novruzbəyovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AzVision.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Elxan Novruzbəyov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Təyin olunmuş cəzanın əvvəli yanvarın 13-dən hesablanacaq.

Qeyd edək ki, Elxan Novruzbəyov cinayət əməlini Pakistan Respublikası ərazisində törətdiyi üçün ona həmin dövlətin qanunvericiliyinə uyğun cəza təyin olunub.

Pakistan Respublikasının antiterror aktında 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi 6 aydır.

Xatırladaq ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşı Novruzbəyov Elxan Əmənulla oğlunu ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq müddətində məlum olub ki, Elxan Novruzbəyov Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olub.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti