Peşə bayramını Şuşada qeyd edən həkim: “Gün ərzində 60 xəstəyə xidmət edirik”

      Peşə bayramını Şuşada qeyd edən həkim:    “Gün ərzində 60 xəstəyə xidmət edirik”
  17 İyun 2022    Oxunub:3224
Bu gün Azərbaycanda tibb işçiləri peşə bayramını qeyd edir. Harada olmalarından asılı olmayaraq daim 7/24 çalışan səhiyyə işçiləri üçün insan həyatının qurtarılması birinci vəzifədir.

Bu günü qeyd edənlərdən biri də Şuşa şəhər Modul Xəstəxanasının tibbi heyətidir.
AzVision.az -ın əməkdaşı xəstəxanada çalışan ümumi cərrah Azər Həsənovdan müsahibə alıb.

- Həkim, ilk olaraq sizi tanıyaq. Nə qədər vaxtdır Şuşada xidmət göstərirsiniz?

- 2010-cu ildə Azərbaycan Tibb Universitetini bitirdim, 2010-2018-ci ilə qədər Moskvada təhsil aldım. Bakıya qayıtdıqdan sonra 2019-cu ilin may ayından özəl klinikalarda çalışdım. Bu ilin mart ayından isə Nərimanov Tibb Mərkəzində çalışıram. TƏBİB-lə Mərkəz arasında bağlanan müqaviləyə əsasən iki il Şuşada çalışmaq üçün bura gəldim. Biz Şuşada işləmək üçün könüllü gəlmişik. Mən özüm Qarabağlıyam, Laçın rayonundanam və burada xidmət etməyi özümə borc bildim.

- Nə qədər vaxtdır Şuşada işləyirsiniz?

- Aprel ayının 6-dan Şuşadayıq. O vaxtdan bu günə qədər lazım olan hər kəsə tibbi xidmət göstəririk. Biz burada əsgərik və xidmət göstərməkdən daim fəxr hissi duyuruq. Xəstəxanamız 9 çarpayılıqdır. Ambulator, stasionar şöbələri, funksional diaqnostika kabinetlərimiz var. Bizdə tibbi təhcizat yüksək səviyyədə təşkil olunub. İnvertarlar, dərmanlar yetəri qədərdir. Belə şəraitdə, belə cənnət-məkanda işləməkdən gözəl duyğu var?! Şuşada yeganə xəstəxana olduğu üçün yaxın ərazilərdən də səhhəti ilə bağlı pasiyentlər bizə müracit edir və xəstələrə ilkin yardım göstərilir. Əgər daha ixtisaslaşmış yardıma ehtiyac olarsa, biz onu başqa rayon və şəhər xəstəxanalarına təxliyə edirik.

- Bu günə qədər neçə xəstəyə yardım etmisiniz? Hansı şikayətlərlə sizə müraciət edirlər?

- Gün ərzində bizə 50-60-a yaxın şəxs müraciət edir. Əsasən artierial hipertenziya, travma şikayətləri ilə müraciət edirlər. Eyni zamanda stamatoloji, travmatoloji, uroloji və infeksion xəstəlikləri olan xəstələrimiz də gəlir.

- Bəs kimlər müraciət edir?

- Məlumdur ki, Şuşa qırmızı zonadır, burada hərbi şəhərcik var. Eyni zamanda dövlət qulluğunda olanlar, Şuşanın yenidənqurma, abadlıq və bərpa olunmasında çalışan şirkətlərin əməkdaşları da burada yaşayır. Bizim əsas pasiyentlərimiz onlardır.

- Xəstəxananın neçə nəfər işçisi var?

- Bizidə heyət dəyişkən olur, işçilərimiz 15-20 arasında olur. Onlardan 4-7-si həkimlər, qalanı orta tibb personalı olur. Xəstəxananın təcili tibbi yardım maşını olduğu üçün texnikimiz və sürücümüz də var.



- Demək olar ki, 3 aydır Şuşada həkim işləyirsiniz. Burada xidmət etmək necə hissdir?

- Biz bura çətinlikləri düşünmədən gəlmişik. Bizim əsas işimiz burada olan xəstələrə, hərbiçilərə, mülki işçilərə xidmət göstərməkdir. Şuşa bizim tarixi mədəiyyət paytaxtımızdır. Gözəl şəhərdir, relyefi mükəmməl, mənzərisi heyratimizdir. İlk gələndə qarşılaşdığımız mənzərə bizi çox heyfsləndirirdi. Tarixi şəhərin yenidənqurması sürətlə gedir, artıq canlanma var. Mart ayında gördüyüm Şuşa ilə bu gün arasında fərq çoxdur. Eyni zamanda burada ailələrin də olması bizi sevindirir. Bizə müraciət edənlər arasında uşaq pasiyentərimiz də var. Şuşaya qayıdışın başlaması, ətrafın canlanması bizi sevindirir.

- Könüllülük daimiləyə çevrilə bilər? Müqavilə tamamlandıqdan sonra da Şuşada qalıb işləmək istəyirsiniz?

- Müqavilənin sonuna qədər etimadı doğruldarıqsa və rəhbərlik də məsləhət bilərsə, burada qalmaq niyyətindəyəm. Ümumiyyətlə, torpaqlarımız işğaldan azad olunandan sonra burada işləmək arzum olub. Şükürlər olsun ki, mən burada xidmət edirəm. Gələcəkdə də burada qalmaq niyyətindəyəm. Hazırda Şuşada mərkəzi xəstəxana tikilir, yaxın aylarda tikintisi başa çatacaq. Modul xəstəxana olaraq biz mərkəzi xəstəxananın əsasını təşkil edirik. Mərkəzi Xəstəxana hazır olandan sonra burada daimi işləməyi çox istəyirəm. Əgər belə xəstəxana Laçında tikilərsə və bizə ehtiyac olarsa, təbii ki, ora da gedib işləyəcəm.



-Cərrahi əməliyyatlar edirsiniz?

- Modul xəstəxanada əsasən təcili və təxirəsalınmaz cərrahi əməliyyatlar aparılır. Əməliyyatxanamızın təchizatı yaxşıdır, şərait var. Əsasən yol nəqliyyat hadisələri zamanı qanaxmalar və ya güllə yaralanmaları olarsa, burada təcili müdaxilə edilir. Əgər təcili yardıma ehtiyac olmursa, o zaman xəstəni göndərişlə yaxın ərazilərə göndəririk. Bəlkə də respublikada yeganə xəstəxanadır ki, buradan xəstələr 100 faiz razılıqla qayıdırlar.

- Bu gün bayramınızı Şuşada necə qeyd edirsiniz?

- Peşə bayramımızı elə iş başında qeyd edirik. Hər gün 3-ə qədər işləyirik. Sonra növbətçi həkimlər qalır. Amma biz hər zaman gecə 12-ə qədər iş başında olub, insanlara xidmət edirik. Bu gün də elə işləyirik. İmkan edəriksə, bayamı qeyd etməyi düşünürük.



Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti