"“Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər Ermənistanın özü üçün təhlükəlidir"

   "“Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər    Ermənistanın özü üçün təhlükəlidir"
  16 İyun 2022    Oxunub:1403
Biz Ermənistan tərəfindən dırnaqarası “Dağlıq Qarabağ”ın statusu ilə bağlı sözlər eşitməyə başlamışıq. Bu, tamamilə qeyri-məhsuldardır və Ermənistanın özü üçün təhlükəlidir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və Ermənistan tərəfinin bu məsələyə istənilən istinadı yeni qarşıdurmaya səbəb olacaq:

“Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib və bizim ərazimizdə bu inzibati struktur yoxdur. Ona görə də dırnaqarası statusa istənilən istinad yalnız yeni qarşıdurmalara səbəb olacaq. Ermənistan hökuməti bunu başa düşməlidir və tarixi yenidən yazmaq səylərindən əl çəkməlidir. Tarix artıq buradadır və bu, bir növ şifahi razılaşma idi ki, heç kim statusdan danışmayacaq. Təəssüf ki, bu baş verir və bu çox ciddi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib.

Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin. Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”.

AzVision.az



Teqlər:



Xəbər lenti