Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi ərazilərdə içməli və tullantı su infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb. Yarışların keçiriləcəyi yerlərdə içməli su xətlərinin üzərindəki siyirtmələrin istismar vəziyyəti yoxlanılıb. Marşrut boyu bütün siyirtmə quyuları və yanğın hidrantları təftiş olunub, mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək vəziyyətdə olması üçün profilaktiki tədbirlər görülüb.Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 9 km-dək kanalizasiya xətləri, 300-dən artıq kanalizasiya baxış quyusu və barmaqlıq təmizlənib.
Yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyən edilib. Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb.
“Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi rayon sukanal idarələrinin 80-dək əməkdaşı təlimlərə cəlb olunub. Təlimlərdə qəza hallarının operativ şəkildə aradan qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər.
Qeyd edək ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinə nəzarət də gücləndirilib. Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin içməli və tullantı su sistemlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür, sahibkarlıq subyektlərinə tövsiyələr verilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


