"Bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur" - Nazir

   "Bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur" -    Nazir
  24 May 2022    Oxunub:1374
Bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan məsələdir. Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atmış ölkələrdəndir.
AzVision.az xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri İnam Kərimov Bitki Sağlamlığı Forumunda çıxışında deyib.

O bildirib ki, bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır:

"Bitki xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili sağlam məhsul əldə etməyin əsas şərtidir. Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyimizi təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir".

Nazirin sözlərinə görə, bu gün ixrac bazarlarında ciddi rəqabət mövcuddur:
"Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı bitki mühafizəsi tədbirlərinin düzgün təşkilindən asılıdır. Bu baxımdan bitki mühafizəsi sahəsində vahid yanaşmanın tətbiqi daha məqbul hesab edilir. Çünki, vahid yanaşma bitki mühafizəsi işinin ekosistemə zərər vurmadan həyata keçirilməsinə imkan verir".

İ.Kərimov qeyd edib ki, bütün dünyada bitki mühafizəsi işi daim təkmilləşir, bu proseslə ayaqlaşmaq üçün tərəfdaş ölkələrlə davamlı təcrübə mübadiləsi aparmaq vacibdir:
"Bitki sağlamlığına ərzaq istehsalı ilə məşğul olan bütün fermerlərin, ekosistemin bütün iştirakçılarının məsuliyyət daşıdığı bir sahədir. Çünki bitki mühafizəsi, bitki sağlamlığnın təmin olunması işi bütün dünyada daim yenilənir, təkmilləşir, bu məsələyə yeni uğurlu yanaşmalar meydana çıxır".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti