Hüquq sahəsində aparılan islahatlara dəstək gücləndirilir

   Hüquq sahəsində aparılan islahatlara dəstək gücləndirilir
  23 May 2022    Oxunub:955
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Azərbaycan üçün bir yenilikdir, həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir. Mərkəz hüquq sahəsində aparılan islahatlara dəstək göstərmək, normativ-hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması sahəsində dövlət orqanlarına xidmətlər göstərmək, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb. Mərkəzin fəaliyyətində hüquq sahəsində qabaqcıl beynəlxalq təcrübəni təhlil etmək və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq, hazırlanacaq və qüvvədə olan normativ hüquqi aktların qanunvericiliyin təsirinin qiymətləndirilməsinin aparılmasında iştirak etmək nəzərdə tutulub. Eyni zamanda, normayaratma sahəsində maarifləndirmə işi aparacaq, hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq, ictimai rəyi öyrənəcək, müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr təşkil edəcək. Hüquq normalarının tətbiqi sahəsində dövlət orqanları əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirəcək.
Bu fikirləri AzVision.az -a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru professor Aytən Mustafazadə deyib. O bildirib ki, mərkəzin fəaliyyətinin elmi təminatı, hüququn ayrı-ayrı sahələrinin müqayisəli hüquqi tədqiqi, məcəllələrə və digər normativ hüquqi aktlara elmi və praktiki şərhlərin hazırlanması da diqqət mərkəzindədir.

Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu yeni yaradılan mərkəzin tabeliyinə verilməklə yenidən təşkil olunacaq. İnstitut tərəfindən hüquqi tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair təkliflər veriləcək.

Professor Aytən Mustafazadə məlumat verib ki, Hüquq və İnsan Haqları İnstitutu “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamına əsasən İnsan Hüquqları İnstitutu kimi yaradılıb. İnstitutun məqsədi cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi, təkmilləşdirilməsi idi: “İnstitut öz elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərlə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübəni tədqiq edir. Hüquq və İnsan Haqları İnstitutu bu günədək fəaliyyəti dövründə hüquq sahəsində xeyli iş görüb. Mərkəzin yaradılması və institutun mərkəzin tərkibində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirməsi hüquq sahəsində yeni mərhələyə addımdır. 1998-ci ildən bu yana hər 5 ildən bir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiqlənir. Bu fəaliyyət proqramları ilə bizim institutumuz qarşısında müəyyən vəzifələr qoyulur”.

Bu gün Azərbaycan beynəlxalq və milli hüquq sahəsində yeni mərhələyə addımlayır. Bu baxımdan mərkəzin yaradılması mühüm əhəmiyyət kəsb edir.

“Yeni yaradılan Mərkəzin qarşısında böyük vəzifələr dayanır. Bu gün Azərbaycanda müəyyən sahələrdə hüquqi boşluqlar var. İnanıram ki, boşluqların doldurulmasında mərkəzin fəaliyyəti uğurlu olacaq. Sevindirici haldır ki, hüquq sahəsi ölkəmizdə hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman insan hüquqlarının qorunmasına xüsusi önəm verirlər”, - professor Aytən Mustafazadə vurğulayıb.

AzVision.az



Teqlər: Hüquq   Mərkəz  





Xəbər lenti