Rəsul Çunayev yığmadan özü imtina edib - Açıqlama

   Rəsul Çunayev yığmadan özü imtina edib -    Açıqlama
  23 May 2022    Oxunub:2000
Yunan-roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev başqa ölkənin bayrağı altında güləşmək niyyətindədir. İdmançı buna səbəb kimi maddi cəhətdən dolana bilməməsini göstərib.
Azərbaycan Güləş Federasiyası R.Çunayevin müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib. Federasiyadan bununla bağlı Modern.az-ın sorğusuna cavab olaraq deyiblər ki, Rəsul Çunayev uzun illər yunan-Roma güləşi üzrə yığma komandanın əsas üzvlərindən biri olub və yüksək nəticələrə imza atıb:

"Onun sonuncu uğuru 2018-ci ildə Macarıstanda keçirilən dünya çempionatında qazandığı bürünc medaldır. Təəssüf ki, zədələr və səhhətində yaranan problemlərə görə, Çunayev sonraki illərdə bir çox təlim-məşq toplanışlarını buraxıb. Bu isə beynəlxalq yarışlarda uğurlarını davam etdirməsinə imkan verməyib".

Federasiya bəyan edib ki, Rəsul Çunayev sonuncu dəfə 2021-ci ilin mayında Bolqarıstanda keçirilən Dünya Olimpiya Təsnifat turnirində iştirak edib. Həmin yarışda 67 kq-da Olimpiadaya vəsiqə qazana bilməyən Çunayev yığma komandanın növbəti toplanışlarında iştirak etməyib və yalnız fərdi məşqlərlə kifayətlənib. Ümumiyyətlə, Rəsul son illər Azərbaycan çempionatına da qatılmır.

Qeyd edilib ki, Azərbaycan Güləş Federasiyası titullu idmançını milli komandadan uzaqlaşdırmayıb. R.Çunayev özü yığmanın təlim-məşq toplanışlarında iştirak etməmək qərarı verib:

"Onu da nəzərinizə çatdıraq ki, hazırda 77 kq-da ölkəmizi Olimpiadada təmsil edə biləcək kifayət qədər güclü güləşçimiz var. Dünya və 3 qat Avropa çempionu, Olimpiadanın bürünc medalçısı Rafiq Hüseynov və Avropa çempionu Sənan Süleymanov bu çəkidə favoritlərdən sayılır. Ancaq Rəsul Çunayev də təlim-məşq toplanışlarında iştirak edərək və forma yığaraq bu çəki dərəcəsində iddiasını ortaya qoya bilər. Beynəlxalq yarışlarda iştirakçıların seçimi sağlam rəqabət prinsiplərinə əsasən aparılır, kim daha hazır və daha yaxşı formada olursa, o da turnirlərdə ölkəmizi təmsil edir".

AzVision.az


Teqlər:





Xəbər lenti