Brüssel görüşü: İlham Əliyevin xarici siyasətinin növbəti uğuru

      Brüssel görüşü:    İlham Əliyevin xarici siyasətinin növbəti uğuru
  23 May 2022    Oxunub:1146
“Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazir Nikol Paşinyanla üçtərəfli görüş və görüşdə müzakirə edilən məsələlər Azərbaycan və Ermənistan arasındakı məsələlərin həll edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib. O bildirib ki, son dövrlər Avropa İttifaqı Şurasının Qafqazdakı problemlərə fəal münasibət bəsləməsi məsələnin təkcə Rusiyanın təsiri altında deyil, həm də balanslı şəkildə Aİ-nin maraqları çərçivəsində həllini stimullaşdıran addımlardandır:

“Bu münasibət Azərbaycan tərəfini tamamilə qane edir. Görüşün 5 saata qədər çəkməsi, müzakirələrin daha detallı aparılmasının və söhbətin konstruktiv məcraya düşməsinin işarəsidir. Eyni zamanda bu görüşü Azərbaycan diplomatiyasının, İlham Əliyevin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirə bilərik. Müzakirə olunan bütün məsələlər və razılığa gəlinən nəticələr Azərbaycanın problemin həllinə yönəlmiş 5 təklifi əsasında aparılıb. Demək olar ki, bütün istiqamətlər üzrə Azərbaycanın mövqeyi dəstəklənib. Yaxın günlərdə Azərbaycanın irəli sürdüyü bu məsələlərin həlli yönündə ciddi addımlar atılacağı barədə qərar qəbul olunub".

O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı Ermənistan tərəfinin komissiyasına dair qəti bəyanatının olması xüsusi vurğulanmalıdır:

"Azərbaycan tərəfi bu məsələyə çoxdan hazırdır. Komissiyasının tərkibi də formalaşıb. Ermənistan isə müxtəlif bəhanələrlə ayrı-ayrı tarixləri dəyişməklə məsələni uzadırdı. Görünür, artıq Ermənistanın şansı da qalmayıb. Son qərar olaraq yaxın günlərdə komissiyalar görüşəcəklər. Həmçinin sərhəd və kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması çox vacib məsələdir.

Azərbaycan tərəfi də həmişə bu məsələnin üstündə dayanıb və bunun bütövlükdə Ermənistan və Azərbaycan dövlətləri arasında münasibətlərin tənzimlənməsində açar rolunu oynayacağını da vurğulayıb. Artıq bu məsələdə də razılıq əldə olunub. Yaxın vaxtlarda istər dəmiryolu, istər avtomobil yolu kommunikasiyalarının açılması ilə bağlı lazımı addımlar atılacağını gözləyirik. Eyni zamanda Azərbaycanın humanitar məsələlərlə bağlı irəli sürdüyü təkliflər Şarl Mişel tərəfindən dəstəklənib. Xüsusilə ərazilərin minalardan təmizlənməsinə yəqin ki, Avropa Şurası maliyyə və iqtisadi dəstək göstərəcək”.

Musa Quliyev əlavə edib ki, artıq son görüşlərdə Ermənistan tərəfindən Qarabağın statusu söhbəti ortaya atılmır:

"Ermənistan tərəfi status məsələsində öz daxili auditoriyasına müəyyən sözlər desə də, beynəlxalq görüşlərdə öz əhəmiyyətini itirdiyini qəbul etməkdədir. Digər tərəfdən Dağlıq Qarabağ termininin də artıq müzakirə predmeti deyil. Azərbaycanın bu məsələdə qəti mövqeyini ortaya qoyması, nəticədə "Dağlıq Qarabağ", "status" terminlərinin istifadə olunmaması Ermənistanın öz vəziyyəti ilə barışdığının bir göstəricisidir”.

Deputat hesab edir ki, üçtərəfli görüş qarşılıqlı etimadın artırılması istiqamətində vacibdir: "Görüşü Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qeyd edə bilərik. Prezident İlham Əliyevin bütün məsələləri konkret şəkildə prinsipial mövqeyini sərgiləməsi sülh danışıqlarının irəli aparılmasında olduqca vacibdir".(Report)

AzVision.az


Teqlər: Brüssel   İlham-Əliyev  





Xəbər lenti