Sülh sazişi Brüsseldən keçir? - Azərbaycan və Ermənistan liderlərinin görüşünə bir gün qaldı
Xatırladaq ki, əvvəlki görüşlərdə sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərlə bağlı komissiyanın yaradılması, Ermənistanın təşəbbüsü ilə bu komissiyanın ilk görüşünün aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməsi kimi əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunmuşdu. Lakin Ermənistanın növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməsi səbəbindən bu görüş mayın 7-11-nə keçirildi, daha sonra isə bu tarixlərdə də görüş baş tutmadı.
Sonda Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Rusiyanın TASS agentliyinə açıqlamasında bildirdi ki, Ermənistan komissiyaların görüşünün Moskvada keçirilməsinə hazırdır. Bu, bir daha Ermənistanın müstəqil siyasətinin olmamasının, təzyiqlər qarşısında istənilən razılaşmadan imtina etməsinin, Rusiyanın maraqlarını Avropa İttifaqına, Avropa İttifaqının maraqlarını isə Rusiyaya xəyanətkarcasına, özü də asanca satmasının bariz nümunısidir.
Qeyd edək ki, Azərbaycan Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan edib və bu məqsədlə qarşı tərəfə beş bənddən ibarət təklif də göndərib. Ötən Brüssel görüşündə bu məsələ də diqqət mərkəzində olub. Belə ki, görüşdə əldə olunmuş razılığa əsasən, ölkə rəhbərləri zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə müvafiq tapşırıq verəcəklər. Ümumiyyətlə, Brüssel görüşü Prezident İlham Əliyevin dövlət və milli maraqlarımızı qətiyyətlə qoruduğunu bir daha nümayiş etdirdi.(Report)
AzVision.az
Teqlər: Brüssel Azərbaycan