Azay Quliyev 3 ölkə ilə bağlı hesabat hazırlayacaq - FOTOLAR

 Azay Quliyev 3 ölkə ilə bağlı hesabat hazırlayacaq -    FOTOLAR
  13 May 2022    Oxunub:2096
ATƏT PA-nın vitse -prezidenti və Cənubi Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev mayın 8-dən 13-nə kimi Şimali Makedoniya, Albaniya və Monteneqroda səfərdə olub, səfər zamanı bu ölkələrin parlamentariləri, hökumət rəsmiləri və siyasi partiya təmsilçiləri ilə görüşlər keçirib.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT PA-nın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, hər üç ölkədə yüksək səviyyədə qarşılanan xüsusi nümayəndə Azay Quliyev regionun üzləşdiyi bir sıra problemləri və çağırışları ətraflı müzakirə edib. Regionda baş verən proseslər haqqında ətraflı məlumat əldə etmək üçün Şimali Makedoniya, Albaniya və Monteneqroya səfər etməkdən məmnun olduğunu bildirən Azay Quliyev səfərin yekunları və əldə olunan nəticələr barədə hesabat hazırlayacağını qeyd edib.



(Şimali Makedoniya Prezidenti Stevo Pendarovski ilə görüş)

Skopyada Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski, xarici işlər naziri Buyar Osmani, Parlamentin spikeri Talat Xaferi, hakim və müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşdə xüsusi nümayəndə 2023-cü ildə ATƏT-ə sədrlik edəcək Şimali Makedoniyaya ATƏT PA-nın tam dəstəyini ifadə edib, region ölkələri ilə ikitərəfli əlaqələrin vəziyyəti, Avropa İttifaqına üzvlük, Ukraynada baş verən müharibənin iqtisadi və siyasi nəticələri ətrafında müzakirələr aparıb.



(Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüş)

A.Quliyev parlament çoxluğunu və müxalifəti təmsil edən partiyalarla ayrılıqda görüşərək onları milli maraqlar naminə əməkdaşlığa və dialoqa dəvət edib.



(Şimali Makedoniya parlamentin spikeri Talat Xaferi ilə görüş)

Tiranada Albaniyanın prezidenti İllir Meta, Parlamentin sədri Lindita Nikola, Baş nazirin müavini Arben Ahmeyati, dövlət əlaqələri naziri Eliza Spiropali, hakim və müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşdə Azay Quliyev xüsusi nümayəndə kimi mandatına daxil olan məsələləri həmsöhbətlərinin diqqətinə çatdırarq seçki və hüquqi islahatların davam etməsini, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə daha çox işlərin görülməsinin vacibliyini qeyd edib və bu məsələlərin həllində ATƏT-in əməkdaşlığa hazır olduğunu bildirib.



(Albaniya Prezidenti İllir Meta ilə görüş)

ATƏT PA-nın yaydığı məlumatda deyilir ki, Azay Quliyev Albaniyanın 2020-ci ildə ATƏT-ə sədrliyini və irəli sürdüyü “Açıq Balkan Təşəbbüsünü” yüksək qiymətləndirib. Xüsusi nümayəndə 2021-ci ilin aprelində Albaniyada keçirilən parlament seçkilərini müşahidə edən ATƏT-in beynəlxalq missiyasına rəhbərlik etdiyini və Demokratiya və İnsan Haqları Bürosu ilə birlikdə seçkilərlə bağlı bir çox tövsiyələr verdiyini xatırladıb və bu tövsiyələrin icrası ilə əlaqədar görülən işlərlə maraqlanıb.


(Albaniya Baş nazirinin müavini Arben Ahmeyati ilə görüş)

Müxalifət partiya təmsiçiləri ilə görüşdə Parlamentin işinə qatılmamaq və boykot etmək taktikasının səmərəsiz olduğunu və ən çətin məsələlərin siyasi dialoq və qarşılıqlı anlaşma yolu ilə vacibliyini onların diqqətinə çatdırıb.



(Albaniya parlamentinin sədri Lindita Nikola ilə görüş)

Podqorisada xüsusi nümayəndə Quliyev Monteneqronun Baş naziri Dritan Abazoviç, xarici işlər naziri Ranko Krivokopiç, Parlamentin spikeri Daniela Duroviç, Avropa İttifaqının səfiri Kristina Popa, müxalifət və iqtidar partiyalarının rəhbərləri ilə görüşüb. Azay Quliyev Baş nazirlə görüşdə onu rəhbərlik etdiyi yeni hökumətin qurulması münasibətilə təbrik edib və qanunun aliliyinin təmini, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində irəli sürdüyü proqramı alqışlayıb.



(Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüş)

Avropa İttifaqına üzvlük məsələsində Monteneqronun region ölkələrinə nisbətən daha çox məsafə qət etdiyini təqdir edən Azay Quliyev ATƏT PA-nın ölkədə aparılan bütün islahatlara, xüsusilə, seçki və məhkəmə-hüquq sahəsində olan islahatlara ATƏT-in və Parllament Assamblyesaının tam dəstək verəcəyini həmsöhbətlərinin diqqətinə çatdırırb.


(Monteneqronun xarici işlər naziri Ranko Krivokopiç ilə görüş)

Hər üç ölkənin rəsmiləri ilə keçirilən görüşlərdə ATƏT-in 3 ölçüsü əsasında “Cənubi Şərqi Avropa ölkələrinin Parlament Dialoq və Əməkdaşlıq Platforması”nın yaradılması haqqında xüsusi nümayəndə Azay Quliyevin irəli sürdüyü təklif dəstəklənib və yaxın aylarda bu təşəbbüsün icrasına başlanılması barədə razılıq əldə olunub.


(Monteneqro parlamentinin spikeri Daniela Duroviç ilə görüş)

Azay Quliyevi Skopyada ATƏT-in Missiya rəhbəri, Avstriyadan olan səfir Klemens Koya, Tiranada ATƏT-in Missiya rəhbəri, İtaliyadan olan səfir Vinkenzo Del Monoka, Podqorisada isə ATƏT-in Missiya rəhbəri, Fransadan olan səfir Dominik Vaaq müşahidə ediblər.

Azay Quliyev ATƏT-in hər üç ölkədə fəaliyyət göstərən Missiyalarının fəaliyyətini yüksək qiymətləndirərək səmərəli əməkdaşlığa görə onlara təşəkkür edib.

Xüsusi nümayəndə keçirilən görüşlərin nəticəsi olaraq hər üç ölkənin müxalifət və iqtidar partiyalarının dialoqa və əməkdaşlığa hazır olmaları haqqında verdikləri bəyanatdan məmnun olduğunu bildirib və ATƏT PA-nın 2-6 iyul tarixlərində Böyük Britaniyada keçiriləcək İllik Sessiyyası üçün hazırlayacağı hesabatda çatışmazlıqlarla yanaşı bütün müsbət məqamları əks etdirəcəyini qeyd edib.

ATƏT PA-nın verdiyi məlumata görə, regionu tam əhatə etmək məqsədilə Azay Quliyevin iyun ayında Rumıniya və Bolqarıstana da səfəri planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti