Pensiya yaşı ilə bağlı mühüm açıqlama: “2027-ci ilədək...”
Bunu ekspert Eldəniz Əmirov bildirib.
E.Əmirov qeyd edib ki, pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil:
"Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, "Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq. Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.
O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir. Yuxarıda qeyd etdiyim kimi, əgər özümüz hansısa bir statistikanı hesablaya bilmiriksə, rəsmi statistikanı qəbul etməliyik. Odur ki, mən 77 yaş statistikasını inkar etmədən, sadəcə bir müşahidəmi qeyd etmək istəyirəm ki, son bir ildə ölüm xəbərini eşitdiyim insanların orta yaşı heç 70-i keçmir. İş burasındadır ki, qəbirstanlıqları ziyarət etdiyimiz zaman baş daşları üzərindəki rəqəmlər də rəsmi statistika ilə heç uyuşmur. Düzdür, bu peşəkar yanaşma olmadığı üçün bunu əsas götürmək olmaz, amma müxtəlif fərdlərin müxtəlif regionlardakı müşahidələri çox oxşardırsa, deməli, bu haqda düşünməyə dəyər”.//Sfera.az
Teqlər: