"Xalam Laura deyə-deyə öldü" - 14 il öncə itən qızın müəmmalı taleyi

   "Xalam Laura deyə-deyə öldü" -    14 il öncə itən qızın müəmmalı taleyi
  11 May 2022    Oxunub:1111
14 il öncə Azərbaycanda itkin düşən qız hələ də tapılmayıb.

AzVision.az xəbər verir ki, bu barədə jurnalist Elnarə Məmmədova öz feysbuk səhifəsində paylaşım edib. O bildirib ki, Laura adlı xalası nəvəsi 15-16 yaşlarında Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb. Axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb:
“Oxumaq istəyirdi, amma xalamın dar düşüncəli oğulları qıza imkan vermədi. Lauranın rəfiqəlik etdiyi qızın anası insan alverinə görə məhkum olunmuşdu. Sonuncu dəfə evdən bezəndə Laura rəfiqəsinin evinə getdi və bir daha geri qayıtmadı. O vaxtı televiziyada işləyirdim, axtarış haqqında elanı efirdə də verdik. Şəmkir polisinə, DİN-ə özüm dəfələrlə məktub yazdım. Rəfiqəsinin ailəsini, insan alveriylə məhkum olunan birini heç kim istintaqa cəlb etmədi. Xalam bildirdi ki, o qadın nəvəsini çox ehtimal kiməsə satıb. Amma polis barmağını belə qaldırmadı. Bir gün dedilər Sumqayıtda fahişələrin işlədiyi yerdə görüblər. Lauranın şəklini götürüb xalamla Sumqayıtda bütün barları, fahişəxanaları gəzdim. Qızı tapa bilmədik. Otaqlara girib fahişə kimi işləyən qadınlara da baxmağa icazə vermədilər. Qız 18 yaşına çatmadığı üçün xaricə çıxarıldığını da yoxlaya bilmədik. Dedilər çox ehtimal adını dəyişib yeni pasport alıblar. Xalam illər əvvəl Laura deyə-deyə öldü. Nə DİN, nə Şəmkir polisi barmağını qaldırdı o qızı tapmaq üçün”.

Qeyd edək ki, bir neçə gün öncə jurnalist Aytən Məmmədova Tovuzda itkin düşən, daha sonra öldürüldüyü deyilən Nərmin Quliyevanın məhkəməsindən yazdığı üçün hədələnmişdi. Elnarə Məmmədova da yuxarıdakı fikirlərini məhz bu situasiyaya görə yazdığını bildirib:

“Əminəm ki, Lauranın itməsini ört-basdır edənlər Tovuzdakı qızın da axırına çıxıblar. Və bu ört-basdırı edənlər balaca adamlar deyil. Allah bilir yazıq qızlar indi hardadır? Nə əzab çəkirlər?!”.


Elnarə Məmmədova
AzVision.az


Teqlər:





Xəbər lenti