BNA “Google Maps"lə danışıqlar aparılır

BNA “Google Maps"lə danışıqlar aparılır
  10 May 2022    Oxunub:914
Hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunmasında hər hansı çətinlik yoxdur.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib ki, sərnişinlər bunun üçün alo141.az saytından istifadə bilərlər: “Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır.

"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrut üzrə hazırda xətdə olan avtobuslar, onların getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.”

Həmçinin, bildirilib ki, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır: “Danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları Google Maps üzərindən də əldə etmək mümkün olacaq”.

AzVision.az



Teqlər: BNA  





Xəbər lenti