Milli Yanıqlıq Sindromu

Milli Yanıqlıq Sindromu
  17 Aprel 2014    Oxunub:1865
Vüsal Məmmədov

Azərbaycanda hansısa aktrisanın və ya müğəninnin əndamı bir az açılan kimi mediaya şuriş düşür: `Filan müğənnidən erotik fotolar`, `Filan aktrisanın pornoqrafik videosu yayıldı`, `Azərbaycan serialında erotik səhnələr`, `Filankəsin +18 fotoları nəfəs kəsdi`... Belə bəlli olur ki, həmin +18 fotoları görənlər boğulub, yaxınlıqda olanlar həmin zavallılara süni nəfəs vermək zorunda qalıblar.
Ən əcaibi odur ki, bu adlarla təqdim olunan şəkillərdə, videolarda, filmərdə nə erotika olur, nə də pornoqrafiya. Pornoqrafiya – cinsi orqanların iri planda göstərilməsidir. Siz Azərbaycanda hansısa aktrisa və ya müğənninin cinsi orqanını iri planda görmüsünüzmü? Erotika – cinsi orqanlar göstərilməmək şərtilə çılpaq bədənlərin və intim aktın nümayişidir. Bəs bunu necə, görmüsünüz? Yox! Elə isə bu nə adlardır qoyursunuz?!

Açıq dekolte və ya qısa yubka dünyanın heç bir yerində erotika sayılmır. Əyani misal çəkəsi olsam, `Playboy` jurnalında gördüyünüz açıqlıq dərəcəsi erotikadır, `Hustler` də gördüyünüz pornoqrafiya. `Maksim` jurnalındakı şəkillərin açıqlığı isə heç erotika da sayılmır – onlara sadəcə `hot`, yəni `qaynar` fotolar deyirlər, vəssalam. Çimərlikdə bikini geyinmək erotika olmadığı kimi.

Əlbəttə, smartfonundan həm də şəxsi pornokolleksiya kimi istifadə edən eloğullarına (bir çox hallarda həm də qızlarına) erotika və pornoqrafiyanın nə olduğunu öyrədəcək adam mən deyiləm. Orası da aydındır ki, bu adları qoyanlar savadsızlıqdan daha çox, hiyləgərlikdən belə edirlər. Onlar bilirlər ki, azərbaycanlılarda “erotika”, “pornoqrafiya”, “+18” kimi sözlərə qarşı xüsusi refleks var. Və bu Milli Yanıqlıq Sindromundan istifadə etməyə çalışırlar.

Buna görə jurnalistləri qınamaq olar və lazımdır. Özünü ciddi qələmə verməyə çalışan media orqanı (bu sözün heç yeri deyildi) buna getməməlidir. Amma indi mənim işim daha çox qarşı tərəflədir – milli yanıqlıq sindromundan əziyyət çəkənlərlə.

İllərin təcrübəsi səbəbindən mən Azərbaycan oxucusunu kompüterimin desktopu kimi tanıyıram. Belə bir eksperiment keçirək. Azərbaycan oxucusuna təklif edin ki, bu iki başlıqdan birini seçsin:

1) Kainatın ən böyük sirri açıldı – ELMİ KƏŞF
2) Rəqsanənin qızı yataqda bunu da etdi – VİDEO

Sizi əmin edirəm ki, 99.9 % insanlar ikinci başlığı, türkün sözü, tıklayacaq. Niyə? Onlardan bir soruşmaq gərək ki, adam, sən bəyəm yengəsən? Rəqsanənin qızının yataqda nə etdiyi səni niyə maraqlandırmalıdır? Hansı məntiqlə?

Bəli, bizdə ümumiyyətlə, toplum olaraq Yengə Mentaliteti var. İmkan düşən kimi qapı deşiyindən baxmaq, başqalarının alt paltarlarını qurdalamaq istəyirik. İnsafən deyim ki, bu, tək bizdə belə deyil, amma Azərbaycan internetindəki qədər yanıqlıq sindromunu mən başqa heç bir yerdə görə bilmirəm. Niyə belə olmalısan ki? Porno və erotikanın ayrıca saytları var. Bu məhsula ehtiyac hiss edən adamlar dünyanın hər yerində ora üz tuturlar. Gir, doyunca bax. Ciddi xəbər saytına girib, seksual məzmunlu nə isə görən kimi gözləri parıldayan, dərhal “siçan”ı sol əlinə keçirən oxucu isə, deyəcən, ancaq bizdədir.

Monika Beluççi müsahibələrindən birində demişdi ki, rəssamın rəngi və fırçası onun sənət aləti olduğu kimi, aktrisanın da bədəni onun alətidir. Dünyada bunu hamı çoxdan elə belə də qəbul eləyib. Türkiyəli aktrisa Sibel Kəkilliyə karyerasının ilk dövründə pornofilmlərə çəkilməsi haqda sual verəndə cavabı belə olmuşdu: “Mənim namusumu çəkmək sizə qalmayıb!”

Bu yanıqlıq sindromundan, yengə mentalitetindən qurtarmaq lazımdır. Əgər bir aktrisa, məsələn, fahişə rolunu oynayırsa, sizcə o, un ələyən evdar qadın paltarında ekranda görünməlidir? Təbii ki, dekolte də geyinə bilər, mini də. Və bu, erotika deyil. Anlayın artıq.


Teqlər:  





Xəbər lenti