Bəs əslində "Twitter" İlon Maska niyə lazımdır və bundan sonra sosial şəbəkədə hansı dəyişiklər ola bilər?
Texnobloger Fərid Pərdəşunas AzVision.az-a bildirib ki, İlon Maskın "Twitter"i alması sosial şəbəkəyə böyük dəyişiklik gətirməyəcək. Çünki bu sadəcə idarəetmə paketini almaq deməkdir. Twitter olduğu kimi qalacaq: “Bu, İlon Maskın çoxdankı planı idi. Hətta alandan sonra post paylaşdı ki, “Facebook"u alıb, silmək istəyir. İlon Maksın "Twitter"i almaqda məqsədi onu daha azad platformaya çevirməkdir. Çünki bəzi məsələlərdə, xüsusən də Donald Trampın bloklanmasından sonra "Twitter"in imicinə zərər dəymişdi”.
F.Pərdəşunas vurğulayıb ki, Twitter platforması digər sosial media platformalarından fərqlidir və siyasi baxışların cərəyan etdiyi, siyasətçilərin daha çox fikir səsləndirdiyi azad məkandır: “Hətta burada proqnorafik kontent belə bloklanmır, sadəcə 18+ xəbərdarlığını edir. İlon Maskın bura təsirini zaman göstərəcək. Düşünürəm ki, Mask "Twitter"i daha da azad platformaya çevirəcək. Heç bir məhdudiyyət olmayacaq. Mask özü böyük ehtimalla manipulyativ fikirlər səsləndirəcək, bazarlara, səhmlərə təsir göstərəcək. Bunu zatən edirdi, indi platformanın alması ilə gücünə güc qatmış oldu”.

İnformasiya texnologiyaları üzrə ekspert Rəcəb Mehdiyevin fikrincə, Maskın platformada edəcəyi yeniliklər pul qazanmaq imkanı yarana bilər: "Bu gün sosial şəbəkələr, "tik-tok" pul qazandırmaqla sözünü deyib. "Twitter"də də belə yenilik ola bilər ki, bloger və digər insanlar pul qazana bilsinlər. Maskın "Twitter"in daha azad məkana çevrilməsi barədə vədləri bir qədər çətin olacaq. Çünki kimsə kimisə rahat təhqir edəcəksə, platforma başdan-ayağa qalmaqallardan ibarət olar. İlon Maskın ixtisaslaşdığı sahə var. Bəzi biznesmenlər media platformasını almaqla kütləni əldə saxlamağa çalışırlar. Bəlkə İlon Mask da "Twitter"dən bu məqsədlə istifadə edəcək”.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


