"Bravo"nun adından saxta mesajlar yayılır

"Bravo"nun adından saxta mesajlar yayılır
  22 Aprel 2022    Oxunub:1417
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Bravo” supermarketlər şəbəkəsinin adından həyata keçirilən “fişinq” kampaniyası ilə bağlı xəbərdar edib.
AzVision.az -ın məlumatına görə, qurum bəyan edib ki, istifadəçilərə onların fərdi məlumatlarını ələ keçirmək məqsədilə “WhatsApp” üzərindən şəbəkənin adından saxta mesajlar göndərilir.

Mesajlarda “Bravo”nun yeni filialının açılması münasibətilə 400 manatlıq hədiyyə kuponu vəd olunur və onlardan göndərilən linkə daxil olaraq “sorğu”da iştirak etmələri istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan digər “WhatsApp” istifadəçilərinə göndərməsi tələb olunur.

Bu kimi kiberhücumlarda məqsəd saxta reklam baxışları toplamaqla asan yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, aşağıdakı sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər:

1. Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməyin.

2. Hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməyin.

3. Şübhəli keçidlərə daxil olmayın.

4. Hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlayın. Hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun.

5. Doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar etməyin.

6. Ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.

AzVision.az



Teqlər: Bravo  



Xəbər lenti