"İndi elə uşaqlar yoxdur" - Şuşa məktəbinin direktoru

// "…Bilmirəm, o məktəbin indiki halını görməyə ürəyim dözərmi?!"

 "İndi elə uşaqlar yoxdur" -  Şuşa məktəbinin direktoru
  22 Aprel 2022    Oxunub:6196
Bir məktəb düşünün ki, burada Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov kimi savadlı şəxsiyyətlər dərs deyib. Bu məktəbdə təhsil almış şagirdlərin də əksəriyyəti sonradan məşhur olub.
Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.

Arayış: 1881-ci ildə əsası qoyulan Şuşa Realnı məktəbinin 6 sinifi olub. Burada ilk dəfə 159 şagird qəbul edilib ki, onlardan 58 nəfəri azərbaycanlı, 91 nəfəri erməni, 10 nəfəri isə digər millətlərin nümayəndələri idi. Realnı məktəbinin binasında sonralar bir sıra təhsil müəssisələri fəaliyyət göstərib. Belə ki, burada 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib. Binanın sonuncu sakinləri isə Azərbaycan Pedoqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub.



Bir əsr tarixin səhifələrində məğrur dayanan məktəb 1992-ci ildə erməni vəhşiliyinin qurbanı olub. Binanın yalnız sütün və divarları qalıb. Halbuki illərlə bu məktəbdə ermənilər də oxuyub.
44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə azad edilən Şuşaya indi yeni nəfəslə yanaşı, təhsilimiz də qayıdır.



Şuşa Realnı məktəbində fəaliyyət göstərən Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbinin bir zamanlar direktoru olan Şükür Nəsibovla binanın tarixindən, buradakı təhsildən danışdıq.

- Şuşa Realnı məktəbi Aleksandr Sanviloviç Trafilovun vəsaiti hesabına tikilmişdi. Onun əsasının və kim tərəfindən tikilməsi barədə yazı məktəbin üst hissəsində qeyd edilmişdi. Bürüncü rəngdə yazı idi və olduğu kimi də qalırdı. Çox qədim bina idi, geniş kolidoru, mərmər pilləkənləri, qalın djvarlarında qədim peçləri var idi. Biz onları işlətmirdik, rəngləyib, ilk görkəmini saxlayırdıq. Binanın otaqları da çox geniş və hündür idi. Böyük akt zalımız var idi, orada necə gözəl tədbirlərimiz olub... Binanın qədimliyi daxildən də qorunurdu. Məsələn, Akt zalında olan iki böyük çılçıraq ilk dövrlərdən qalmışdı. Hər birinin üstündə 50 dənə lampa var idi,- həmsöhbətimiz xatırlayır.



Direktor deyir ki, internat məktəbində 340 şagird təhsil alırdı: “Paralel siniflərimiz yox idi, hər sinifdən bir dənə idi. Hərəsində 30 şagird təhsil alırdı. Yerə görə çox şagird götürmürdük. İnternat məktəbi olduğu üçün şagirdlər burada yeyir və yatırdı. Məktəbdə əsasən başqa rayonlardan, Bakıdan, Mingəçevrdən, hətta Ermənistan və Gürcüstandan da gəlib oxuyanlar var idi. Şuşalı uşaqları götürmürdük, çünki onlar gecə qalmırdı və bizim iş prinsipimiz pozulurdu.



O zaman məktəblərdə tədris 10 illik olurdu. Riyaziyyat təmayüllü məktəb olduğumuz üçün şagirdləri 9-cu sinifdən imtahan yolu ilə qəbul edirdik. Təhsilimiz çox yüksək idi. Hər il 10 nəfər medala namizəd göstərilirdi. Məktəbimizin buraxılışları da yüksək nəticə verirdi. Biz texniki institutları daha çox nəzərdə saxlayırdıq, heç olmazsa 3 uşaqdan biri ora qəbul olunurdu. Eyni zamanda Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin), Azərbaycan Pedoqoji İnstitunun Riyaziyyat fakültələrinə də qəbul olanlar çox olurdu. O dövrdəki uşaqlardan hazırda yüksək vəzifələrdə işləyən, elmi dərəcəsi olanlar var. Məsələn, Qüdrət adlı şagirdimiz Hesablama Palatasında işləyir, Nizami müəllim Kooperasiya İnstitutunda kafedra müdiridir. Eyni zamanda şagirdlərimizdən məktəb diektoru olanlar da var. Bir şagirdimiz Marov İntiqam Bərdə şəhərində həkim işləyir. İndi belə uşaqlar yoxdur. Dərs üstündə danlananda, aşağı qiymət alanda nəticə çıxarırdılar. İmtahan bitəndən sonra oturub müzakirə edirdik ki, kimin aldığı "5" daha realdır. Müəllimlərimizin hamısı şuşalı idi”.



1990-ci ildə internat məktəbi üçün yeni bina tikilir və onlar həmin məktəbə köçürlər. Şuşa Realnı məktəbin binasına isə APİ-nin Pedoqoji fakültəsi köçür.
“Direktorluğum dövründə bir sıra layihələr icra etmişəm. Həmin vaxtlar yorulmadan, həvəslə işləyirdim. Onlardan biri də İnstitunun müəllimlərinin dərs dediyi “təcrübə sinfi”nin açılması idi. O zaman biz 12 şagird seçdik və bu şagirdlər qəbul imtahanı vermədən birbaşa instituta qəbul olacaqdılar. Lakin 1992-ci il Şuşanın işğalı bu istəklərimizi də həyata keçirməyə mane oldu”,- deyir Şükür müəllim.

Əslən Şuşalı olan Şükür Nəsibov buradakı 1 nömrəli tam orta məktəbi bitirib. Riyaziyyat üzrə ali təhsil alan müsahibimiz Şuşada 16 il pedoqoji fəaliyyətlə məşğul olub. Son olaraq isə 1886-ci ildə Şuşa Realnı məktəbdə yerləşən 2 nömrəli Riyaziyyat təmayüllü internat məktəbinə direktor təyin edilib.

- O binanın əvvəli Pedoqoji texnikom olub,- həmsöhbətimiz xatirələrini bölüşür.- Texnikomun binası köçəndən ora Beynəlxalq internat məktəbi oldu. Bu məktəbdə erməni, rus uşaqları da oxuyurdu. Eyni zamanda şagirdlərimiz ətraf rayonlardan gəlirdi. Erməni uşaqlarının sayı azaldığı üçün 1978-79-cu illərdə internat məktəbi Riyaziyyat təmayüllü Azərbaycan dili məktəbi oldu. Həmin ərəfədə binanın ikinci mərtəbəsini erməni məktəbi üçün saxlamışdılar. Ora məktəbəqədər internat məktəbi idi. Onların uşaqları yeməyi bizdə yeyirdi. May ayında Ermənistandan Şuşaya xeyli ekskursiyalar olurdu, şagirdlər, müəyyən institutlardan alimlər gəlirdi. Onlar erməni məktəbində saatlarla söhbət edirdilər. Direktordan soruşanda isə deyirdi ki, bizim tarix muzeyimiz var və bu muzey barədə məlumatlar verirəm. Hadisələr başlayanda erməni məktəbini bizə təhvil verdilər. Gedib otağa baxanda orada 6 nəfərin şəkli olan lövhəni gördüm. İnqilabçıların şəkli idi. Onlardan 3-ü erməni, 3-ü isə azərbaycanlı idi. Bundan başqa eksponat yox idi.



Həmin dövrdə internat məktəbində 17 erməni işləyirdi. Ermənini öyrənmək lazım deyil, vəhşilik edirsə, demək ermənidir. Dünyada elə bir millət yoxdur ki, ermənini onlarla müqayisə edəsən. Nə qədər ki, təkdilər, özlərini yazıq, fağır, hədiddən artıq hörmətcil göstərirlər. Vay o gündən, 2-3 nəfəri birləşə, o zaman nəsə edirlər. “Sənə qurban olum” deyən erməni də sənə qarşı təxribata hər an hazırdır.
Mən çox təəssüf edirəm ki, o gözəllikdəki tarixi abidəni belə günə salıblar. Lakin cənab Prezident İlham Əliyev qeyd edib ki, onların hamısı bərpa olunacaq”.



Şuşa üçün ürəyi əsən Şükür müəllim keçirdiyi doğma məktəbini görməyə tələsir: “Şuşaya getmək qismət olmayıb. Lakin ora gedəndə həmin mənzərəni görəndə, bilmirəm ürəyim tab gətirəcək, ya yox. Mən oraları elə qoyub gəlməmişdim. Əzizləyib qoruduğum binanı o vəziyyətdə görmək mənə pis təsir edəcək. Şuşadan çıxanda 35 yaşım var idi. İndi isə 65 yaşım var. Artıq pensiya yaşım çatıb. Ona görə Şuşaya köç olanda yəqin ki cavan kadrlara yer veriləcək. Hökm deyil ki, direktor və müəllim işləyim, lakin təhsil işçisi kimi əlimdən gələn köməyi edərəm”.



Həmsöhbətimiz deyir ki, Şuşanın təhsili hər zaman seçilirdi. Elə bir şuşalı olmazdı ki, övladı ali təhsilli olmasın. Şuşada təhsilinə təsir edən amillərdən biri də ziyalılarla canlı görüşlər idi. Süleyman Ələsgrərov, Xan Şuşinski gəlirdi, daim camaatın içində olurdu: "Şuşada onda 3 internat, 4 orta məktəb var idi. Məktəblərdən biri erməni, biri rus məktəbi idi. Bundan əlavə uşaqlar üçün sağlamlıq sanatoriyası, meşə sağlamlıq məktəbi də var idi. 90-cı illərin hadisələri, ermənilərin etdikləri vəhşiliklər təhsilin yarımçıq qalmasına səbəb oldu.



92-ci ildə Şuşada şagirdlər məktəbə getmirdilər. Xocalı hadisəsi yaşanmışdı və ikinci belə faicənin olmasından qorxurduq. Uşaqlar və qadınları şəhərdən çıxarılmışdı. Amma bizlər qalmışdıq. Biz Şuşanı ən sonda tərk etdik. 1992-ci ilin may ayında Bakıya gələndə "Qaranquş" sanatoriyasında olan 23 uşağı yığıb, 183 nömrəli məktəbə gətirdim ki, dərsdən kənar qalmasınlar, oxusunlar. Növbəti ildə 183 nömrəli məktəbin nəzdində məktəb açıldı. O vaxtdan bəri 5 nömrəli Şuşa məktəbinin direktoruyam. Hazırda məktəbimizdə 61 uşaq oxuyur ki, onların 33-ü şuşalıdır. Digərləri isə başqa rayonlardan olan məcburi köçkün uşaqlarıdır. Uşaqlı-böyüklü hamımız Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik”.













Aytən Zəhra
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti