“Hərfdən həvəslənən həriflər” – Sahib Alıyevin reaksiyası

   “Hərfdən həvəslənən həriflər” –    Sahib Alıyevin reaksiyası
  15 Aprel 2022    Oxunub:1451
“Nikol Paşinyanın, eləcə də onun komandasındakıların son açıqlamaları göstərir ki, onlar ölkələri üçün ən doğru yolun Azərbaycanın irəli sürdüyü 5 prinsipə əməl etmək olduğunu artıq anlayıblar və bu da rəsmi Bakının postkonflikt dövründəki diplomatik səylərinin birbaşa nəticəsidir”.
Bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev deyib. Millət vəkili onu da bildirib ki, Ermənistanın bütün qonşularıyla normal əlaqələr quran dövlətə çevrilməsinə qarşı çıxan, indən sonra da sadəcə, forpost və hərbi baza kimi qalmasına çalışanlar da az deyil. Onlar separatçılıq dalğasında özlərinə karyera qurub var-dövlət yiyəsi olan soyğunçular, hərbi cinayətkarlar, terrorçu ünsürlərdir. Belələrinə Moskvadakı bəzi soydaşları da açıq dəstək verirlər.

- Amma həmon adamların kimliklərindən və iş yerlərindən aydın görünür ki, onlar sadəcə nökər xidməti göstərirlər,- Sahib Alıyev deyib.- Dəstək verən başqasıdır. Yoxsa rəhbərlik etdiyi xarici auditoriyaya yönəlik media qurumunda hansı dezinformasiyaların veriləcəyilə bağlı gündə neçə dəfə, harayla məsləhətləşdiyi kimsəyə sirr olmayan biri izinsiz və tapşırıqsız Qarabağı "LDNR"ləşdirməkdən, harasa birləşdirməkdən dəm vurmazdı.


“Z”-i işğal rəmzinə çevirənlər də, Xankəndində bundan ruhlanan həriflər də görəsən, onun çağdaş Azərbaycan əlifbasının ən axırıncı hərfi olduğunu bilirlərmi? O həriflər iqtisadiyyata həsr edilən bir toplantıda müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin nədən mühüm siyasi və geosiyasi ağırlıqlı açıqlamalar verdiyini, ordumuzun daha da gücləndirilməsi yolunda atılan addımların, komando birlikləri və xüsusi təyinatlıların sayının durmadan artırılmasının üzərində niyə ayrıca dayandığını, özəlliklə də kimlərin qeyri-dost sayılacaqları və Azərbaycanın həmin dövlətlərə qarşı hansı cavab addımları atacağı haqda nə dediyini unutmasınlar gərək. Onu da unutmasınlar ki, Azərbaycan xalqı bu gün 44 günlük savaşdakından da daha mütəşəkkil halda öz liderinin və ordusunun yanındadır. “Daha mütəşəkkil halda” ona görə deyirəm ki, o 44 günlük savaş “Dəmir Yumruğa” çevrilməyin necə böyük xoşbəxtlik və üstünlük olduğunu hər birimizə daddırıb.

Deputat vurğulayıb ki, bu gün hər bir azərbaycanlı İsfahan olmasa da, Gəncə anlaşması dönəmindəki babalarının ruhunu gəzdirir, Kürəkçay reallığıyla üzləşənlərin yox. Və biz dövlətimizin adının niyə əlifbamızın ilk hərfiylə başladığını da, buradakı rəmzliyi də heç vaxt olmadığı qədər aydın dərk edirik.


Teqlər: Milli-Məclis  



Xəbər lenti