Nazirdən Ukraynada oxuyan tələblərin köçürülməsinə münasibət

 Nazirdən  Ukraynada oxuyan tələblərin köçürülməsinə münasibət
  13 Aprel 2022    Oxunub:1139
"Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Ukraynada təhsil alan azərbaycanlı tələbələr Azərbaycandakı ali təhsil müəssisələrinə köçürülmələri üçün həmin qaydalara uyğun olaraq yay aylarında müraciət edə bilərlər". AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb: "Ölkə daxilindən və xaricindən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməsin. Çünki ali məktəbə tələbə qəbulunun ədalətli şəkildə aparılması önəmli şərtdir.

Müvafiq qaydada ayrı-ayrı vaxtlarda məsələyə baxıla bilər. Amma hansısa şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyri-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Lakin köçürülmə ilə bağlı qaydalar dəyişsə, bu, ayrı mövzudur. Hazırda ənənəvi qaydada həmin tələbələrin müraciət etmək hüququ var. Biz də meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq".

Nazir hesab edir ki, ədalətlilik Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən qəbul zamanı oradakı universitetlərin reytinq göstəricisi, tələbənin nailiyyətləri əsasında olmalıdır: "Yəni, başqa meyarlar əsasında qəbulun ədalətli olduğunu hesab etmirəm. Misal olaraq, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənməlidir" - o, vurğulayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti