Veneranın elçiləri: Kosmik qonşumuza 3 missiya hazırlanır

// Planetin atmosferində biomarkerin tapılması elmi marağı artırıb

      Veneranın elçiləri:    Kosmik qonşumuza    3 missiya hazırlanır
  04 Aprel 2022    Oxunub:9284
NASA Veneraya iki missiya göndərmək üçün hazırlıqlara başladığını elan edib. Peykləri 2028-2030-cu illərdə buraxmaq planlaşdırılır. ABŞ-dan başqa, Rusiya, Avropa Kosmik Agentliyi və Hindistan da Veneraya avtomatik stansiyalar göndərməyi düşünürlər. Kosmosdakı ən yaxın qonşumuza marağın birdən-birə artmasına səbəb nədir?
Venera Günəş sistemində Yerə ən yaxın planet olduğu üçün ilk kosmik tədqiqatçılar ona böyük diqqət yetiriblər. 1962-ci ildə Amerikanın “Mariner-2” zondu bu planetə uçdu, 1970-ci ildə Sovet avtomatik stansiyası “Venera-7” yumşaq eniş etdi. Ümumiyyətlə, SSRİ Veneraya o qədər çox kosmik gəmi göndərib ki, 80-ci illərdə ona “Rus planeti” ləqəbi verilmişdi.


Venera həyat üçün əlverişli “qızıl zona”da yerləşsə də, tez bir zamanda oradakı şəraitin “cəhənnəm” olduğu ortaya çıxdı. Planetin səthində temperatur 450 dərəcə selsidən artıqdır, atmosfer təzyiqi Yerdəkindən 92 dəfə yüksəkdir, səma işığı keçməyən sıx sulfat turşusu buludları ilə örtülüb. Belə şəraitdə orada həyat axtarmağın əbəs olduğunu anlayan alimlər Veneraya marağı itirdilər. Uzun bir unudulma dövrü başladı.

NASA 1989-cu ildə planetin orbitdən ətraflı radar xəritəsini çəkən “Magellan” stansiyasından sonra 30 ildən artıqdır ki, ora kosmik gəmi göndərmir. Sovet “Vega-1” və “Vega-2” gəmiləri 1985-ci ildə Veneraya eniş modulları və zondlar apardılar. Bundan sonra orada yalnız Avropa Kosmik Agentliyinin (ESA) “Venus Express” və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) “Akatsuki” orbital stansiyaları işləyib.


Ancaq bir neçə il əvvəl Veneranın atmosferində həyatın potensial markeri olan anaerob bakteriyaların Yerdə istehsal etdiyi fosfin qazı aşkar edildi. 2017-ci ildə Havaydakı “Ceyms Klark Maksvell” İnfraqırmızı Teleskopu (JCMT) və 2019-cu ildə Çiliniun Atakama səhrasındakı ALMA radioteleskopu kompleksindən istifadə etməklə alınan məlumatları digər tədqiqatçılar dərhal yenidən yoxlamağa başladılar və gəlinən nəticələr o qədər də birmənalı olmadı. Bəziləri müşahidələrin nəticələrinin işlənməsində səhvlər aşkar etdilər, başqaları interferometrin səhv kalibrlənməsi səbəbindən fosfinin spektral xəttinin çox yaxında olan kükürd dioksidi ilə səhv salındığını bldirdilər. ALMA-nın əsas tərəfdaşlarından biri olan Avropa Cənub Rəsədxanasının rəsmi saytı məlumatların müşahidələrin elmi arxivindən yenidən kalibrlənməsi haqda məlumat verdi. Sensasiyalı məqalənin müəllifləri Veneranın atmosferindəki fosfinin tərkibini həddindən artıq - ən azı yeddi dəfə yüksək qiymətləndirdiklərini etiraf etdilər. Buna baxmayaraq, hazırlanan bütün missiyaların tapşırıqlarının siyahısına həyat əlamətlərinin axtarışı da daxil edilib.

Hindistanın orbital gəmisi "Şukrayan-1" ("Venera gəmisi") birinci uçmalıdır. Başlanğıc üçün onlar iki uçuş pəncərəsinin birindən (işlərin nə vaxt başa çatmasından asılı olaraq 2024-cü ilin dekabrında və ya 2026-cı ilin ortalarında) istifadə etməyi planlaşdırırlar. Missiyanın əsas məqsədi Veneranın səthinin və daxili hissəsinin xəritəsini çəkmək, atmosferin kimyəvi tərkibini və onun günəş küləyi ilə qarşılıqlı əlaqəsini öyrənməkdir.


“Şukrayan-1”in göyərtəsində yerləşdirilən ikitezlikli sintetik diafraqma radarının ayırdetmə qabiliyyətinin Veneranın əsas “kartoqrafı” olan NASA-nın “Magellan” orbitatorundan dörd dəfə böyük olacağı gözlənilir. Georadar sayəsində planetin tərkibini ilk öyrənən məhz Hindistan missiyası olacaq.

Cihazların siyahısına Veneranın atmosferini infraqırmızı, ultrabənövşəyi və submillimetr dalğalarında təhlil etmək üçün alətlər də daxildir. Beləliklə, hind aparatının fosfini (əgər orada həqiqətən fosfin varsa) aşkar etmək üçün hər cür şansı var. İnfraqırmızı spektrometr mümkün vulkanik prosesləri müəyyən etmək üçün də lazımdır.


Fevral ayında “NASA Discovery” Günəş Sisteminin Kəşfiyyat Proqramı üçün dörd layihə təsdiqləyib. İkisi Veneraya, digər ikisi isə nəhəng planetlərin peyklərinə (İo – Yupiter və Triton – Neptun) uçmağı nəzərdə tutur. Veneraya göndəriləcək missiyalar prioritet sayılıb və hər birinə 500 milyon dollar ayrılıb.

DAVINCI+ (Deep Atmosphere Venus Expigation of Noble gases, Chemistry and Imaging Plus) layihəsi Veneraya yeni nəsil kosmik gəminin göndərilməsini nəzərdə tutur. Onun eniş zondunun bütün alətləri planetin isti və sıx atmosferinə davam gətirəcək xüsusiyyətlərə hesablanıb. Zond Veneranın atmosferinin ən yuxarı təbəqələrindən səthinə qədər olan tərkibini təhlil edərək, əsas diqqəti planetin istixana effektinin təbiətini aydınlaşdıra biləcək inert qazlara və digər birləşmələrə yönəldəcək.


Enişi ultrabənövşəyi və infraqırmızı işığa yaxın olan dörd həssas kameradan ibarət sistem lentə alacaq. Alimlər bu kameralardan Veneranın “tessera” adlanan müəmmalı səth xüsusiyyətlərinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün istifadə etməyə də ümid edirlər ki, bu da bəzi tədqiqatçıların fikrincə, planetin tarixini başa düşmək və Venerada potensial həyat mənbəyi olan dənizlərin və okeanların olub-olmadığı sualına cavab vermək üçün açar olacaq. Uğurlu alınsa, DAVINCI+ zondu 1985-ci ildən bəri Sovetin “Vega-1” və “Vega-2” gəmilərindən sonra Veneraya enən ilk cihaz olacaq.

VERITAS (Venus Emissivity, Radio Science, InSAR, Topography, and Spectroscopy) adlı ikinci missiya çərçivəsində NASA sıx atmosferi müşahidə edə, planetin səthinin xəritəsini çəkə və aktiv proseslərin əlamətlərini (plitələrin tektonikası və vulkanizm) axtara bilən güclü radar alətləri ilə təchiz olunmuş cihazı Venera orbitinə göndərəcək. Aparatın göyərtəsində olan infraqırmızı cihazlar səthdəki süxurların tərkibini müəyyən edə biləcək. Bu, planetin ilk geoloji xəritəsini çəkməyə, Veneranın tarixini və onun Yerlə fərqlərinin xarakterini anlamağa imkan verəcək. InSAR cihazından istifadə etməklə üçölçülü topoqrafik model qurulacaq.


Atmosferin, səthin, planetin daxili strukturunun və ətrafdakı kosmik plazmanın hərtərəfli tədqiqi üçün orbit və eniş modulundan ibarət “Venera-D” (Rusiya) avtomatik planetlərarası stansiyanın buraxılması 2029-cu ilə planlaşdırılır. Missiyanın konsepsiyası 2003-cü ildə təklif edilib. Addakı "D" hərfi “dolqojivuşaya” ("uzunömürlü") mənasını verir. Tərtibatçıların hesablamalarına görə, AMS Vega eniş cihazına bənzəyən eniş modulunun özü planetin səthində iki və ya üç saatdan artıq davam gətirməyəcək, lakin o, NASA mütəxəssislərinin hazırladı ğı və ən azı 60 gün işləməli olan LLISSE (Long-Lived In-Situ Solar System Explorer) stansiyasını aparacaq. Əvvəlki rekord təxminən iki saat işləyən "Venera-13"ə məxsusdur.

LLISSE məişət tosteri ölçüsündə olsa da, mütəxəssislərin fikrincə, cihaz bir neçə ay ərzində çoxlu parametrləri qeyd edə biləcək: temperaturu, təzyiqi, küləyin sürətini və istiqamətini, səthə çatan günəş enerjisinin miqdarını və aşağı atmosferdəki bəzi maddələri.


Bundan əlavə, Venera-D missiyasının konfiqurasiyası Venera planetinin yeganə potensial yaşayış mühitində – atmosferdə biomarkerlərin axtarışı üçün qurğunun və aerostat zondunun quraşdırılmasını nəzərdə tutur. Alimlərin fikrincə, əgər planetdə nə vaxtsa həyat mövcud olsaydı, o, yalnız temperaturun və günəş enerjisi axınının optimal olduğu, qida maddələrinin və maye halında olan suyun olduğu buludlarda yaşaya bilərdi.

Avropa Kosmik Agentliyi (ESA) 2030-cu ildə Veneraya EnVision missiyasını göndərməyi nəzərdən keçirir ki, bu da VERITAS kimi orbital olacaq, lakin planetin ayrı-ayrı hissələrinin hər metrinin (VERITAS-da bu 15-30 metrdir) xəritəsini çəkəcək. Bu xəritə vasitəsilə, məsələn, sovet eniş modullarını görə biləcəyik.


Bundan əlavə, xüsusi spektrometr karbon qazı dumanından keçən dalğanın işığının uzunluğunu təhlil edəcək. Alimlər ümid edirlər ki, bu, planetin süxurlarının tərkibi haqqında ilkin fikri formalaşdırmağa, ən azı qranitləri bazaltlardan ayırmağa və beləliklə, Venera litosferinin də Yer kimi kontinental bloklara bölünməsinin və okean qabığının olub-olmadığını öyrənməyə imkan verəcək.

Heç kim Veneraya pilotlu missiyalar göndərməyi planlaşdırmır. Orada hələ ki insanların görəcəyi bir iş yoxdur. Bununla belə, başqa bir uçuş zamanı ona daha yaxından baxa biləcəyik. Bu variantı NASA təklif edib. Mars proqramından qayıdan missiya layihələrinin əksəriyyəti manevr etmək və sürət qazanmaq üçün Veneraya uçmağı nəzərdə tutur. Alimlər bu yanaşmanı zarafatla "birinin qiymətinə iki planet" adlandırıblar. Buna orbitdən idarə olunan analitik cihazların və zondların Veneraya çatdırılması, hava və torpaq nümunələrinin toplanıb Yerə qaytarılması daxildir.

Nadir Qocabəyli hazırladı
AzVision.az


Teqlər: Astronomiya   Venera  





Xəbər lenti