Mediasiya Şurası BMT-nin qurumu ilə Memorandum imzaladı

Mediasiya Şurası BMT-nin qurumu ilə Memorandum imzaladı
  30 Mart 2022    Oxunub:1588
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikasında olan qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin və məcburi köçkünlərin himayəsi və hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlığı nəzərdə tutan Memorandum BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso ilə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında keçirilən görüş zamanı imzalanıb.

Anlaşma Memorandumunun şərtlərinə əsasən, qaçqınların, sığınacaq axtaranların, vətəndaşlığı olmayan şəxslərin və məcburi köçkünlərin hüquqlarının reallaşdırılması məqsədilə aidiyyəti qurumların əməkdaşları və mediatorlar üçün bilik və bacarıqların artırılması sahəsində birgə tədbirlər təşkil olunması, hüquqi yardım xidmətlərinin daha effektiv koordinasiyasının həyata keçirilməsi nəzərdə tutulur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ilin dekabrından Azərbaycandadır və qaçqınların, məcburi köçkünlərin, sığınacaq axtaranların və vətəndaşlığı olmayan şəxslərin himayəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan Hökumətinə dəstək göstərir.

Mediasiya Şurası 2020-ci ilin fevral ayından fəaliyyət göstərir, əsasən mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir. Qeyd olunan sahədə əsas normativ akt olan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib. Qanuna əsasən vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sessiyasında iştirak edirlər.


Teqlər: Mediasiya-Şurası  





Xəbər lenti