"Qarabağ bizim üçün bir nömrəli məsələdir" - Baş nazir

   "Qarabağ bizim üçün bir nömrəli məsələdir" -    Baş nazir
  15 Mart 2022    Oxunub:903
“İllər boyu kommunalla, yolla, enerjiylə bağlı məsələlər qaldırılır. Qazlaşma ilə əlaqədar demək istəyirəm ki, 97 % qazlaşma ən böyük qaz ixrac edən ölkələrdə də yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, o, bunu öz işlərini ağartmaq üçün demir: “Problemlər var və o istiqamətdə işlər görüləcək. Ümumiyyətlə, bizim iqtisadi durumumuz və vəziyyətimizi yada salım. 2019-cu ildən başlayaraq neft qiymətləri aşağı düşdü, dünyanı və Azərbaycanı pandemiya bürüdü. Tətbiq edilən məhdudiyyətlər şəraitində həm dövlət müəssisələri, həm dövlət təşkilatları, həm də özəl şirkətlər qapanırdı. 2020-ci ildə uzun illər arzumuz olan Qarabağ məsələsini nöqtələdik. Burada mən bunun hərbi, maliyyə hissəsinə toxunmayacam. Ancaq şəhidlərimiz, qazilərimiz və onların ailə üzvlərinə göstərilən qayğı var. Ermənistanla olan sərhədlərin qurulması əsas prioritetdir. 300-dən çox rayon və kənd dağıdılıb. Bunların bərpası 1 ilin işi deyil”.

Baş nazir qeyd edib ki, azad olunmuş ərazilərdə 16 layihə üzrə 1500 km yol çəkilib: "Azad olunmuş torpaqlarda şirkətlərin hansı şəraitdə çalışdığını yəqin ki, ora gedənlər bilir. Qarabağın dirçəldilməsi 1-2 ilin işi deyil. Məcburi köçkünlərin Qarabağa qaytarılması üçüm layiqli həyat şəraiti yaradılmalıdır. Layiqli həyat şəraiti insanlar üçün hazırlanır. Uzun illər məcburi köçkünlər üçün nə lazımdır edilmişdi, amma onlar illər boyu öz torpaqlarına qayıtmağı ölkə başçısından istəyiblər. Qarabağ bizim üçün bir nömrəli məsələdir. Digər rayonlarda, bölgələrdə yaşayan insanların da tələbatını ödəmək lazımdır. İmkana, uyğun olan maliyyə vəziyyətinə baxılaraq onların da işinə baxılacaq. Azərbaycan hökuməti üçün bütün Azərbaycanın rayonları eynidir. Hansısa rayonda, bölgədə texniki və digər məsələlərlə əlaqədar rəqəmlərdə fərq ola bilər. Ancaq yanaşma eynidir”.

AzVision.az


Teqlər: Qarabağ  



Xəbər lenti