Ukraynadan gələn tələbələr təhsillərini necə davam etdirəcək? - Problem

Tələbələr siyahıya alınmalı və Azərbaycan universitetlərinə köçürülməlidirlər

   Ukraynadan gələn tələbələr təhsillərini necə davam etdirəcək? -    Problem
  15 Mart 2022    Oxunub:2168
Artıq 3 həftəyə yaxındır ki, Rusiya-Ukrayna münaqişəsi davam edir. Bu dövrdə artıq 2 milyona yaxın insan Ukraynanı tərk edib. Eyni zamanda martın 14-dək Azərbaycana 7500-dən çox insan təxliyə olunub. Bunların əksəriyyəti isə Ukrayna ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrdir.
Son məlumata görə, Ukraynada 10 min azərbaycanlı tələbə təhsil alırdı. Amma münaqişə fonunda onların artıq orada təhsil alması mümkünsüzdür. Görünən odur ki, dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti hələ uzun müddət bərpa edilməyəcək. Bəs həmin tələbələrin təhsilləri necə olacaq?

Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hazırda bu məsələ müzakirə olunmur.​

Təhsil eksperti Kamran Əsgərov Ukraynadakı hərbi əməliyyatlar nəticəsində təhsilləri yarımçıq qalan minlərlə azərbaycanlı tələbənin siyahıya alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, həmin tələbələrin təhsil sənədləri dağıntılarla məhv olur.
"Bu səbəbdən də elə indidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir".

Ekspert qeyd edib ki, problemin həlli üçün bir neçə çıxış yolu var:
"İlkin olaraq vəziyyət düzələnədək onların distant təhsil alması mümkündür. Amma Ukraynada təhsil alan tələbələr hərbi əməliyyatların nə qədər davam edəcəyini bilmirlər. Onlar deyir ki, əgər hərbi əməliyyatlar davam edərsə, çıxış yolu onların Azərbaycan universitetlərinə köçürülməsi ola bilər.



Amma "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ına görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.
Düzdür, qaydalara görə xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi də aparılmır.

Bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir.
Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.
Qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülməsi mümkün deyil. Çünki, onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olunublar.

Amma yaxşı olar ki, Azərbaycanın Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsini və onların burada təhsillərini davam etməsini təmin etsin. Çünki müqanişənib yaxın vaxtda bitməsi gözlənilmir və tələbələrin təhsil sənədləri də dağıntılarla məhv olur. Gec olmadan ölkəmizə qayıdan tələbələr siyahıya alınmalı və köçürülmələri təmin edilməlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti