"Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır"

  "Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır"
  12 Mart 2022    Oxunub:1160
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər. Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Azərbaycana da Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Amma belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib. Burada da məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”.

Prezidentinin köməkçisi əlavə edib ki, Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam edir: “Cənab Prezidentin tapşırığına əsasən, birinci növbədə 6 milyon avro dəyərində tibbi ləvazimat Ukrayna xalqına çatdırılıb. Bu gün Azərbaycan Ukrayna xalqının ehtiyacları üçün əlavə olaraq 5,5 milyon avro civarında ərzaq məhsulları və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib. Bundan başqa, “SOCAR Ukrayna” təcili yardım, yanğınsöndürmə avtomobillərini pulsuz benzinlə təmin edir”, - H.Hacıyev vurğulayıb.

(Report)

AzVision.az



Teqlər: Azərbaycan   Rusiya  



Xəbər lenti