Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib

Azərbaycan-İran əməkdaşlığı müzakirə edilib
  07 Mart 2022    Oxunub:1261
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyindən AzVision.az -a verilən məlumata görə, görüşdə mədəniyyət və incəsənət sahələrində əlaqələrin davam etdirilməsi və daha da artırılması, beynəlxalq və regional təşkilatlar çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, mədəni mübadilə proqramlarının, qastrolların, sərgi, konfrans və digər birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Səfir Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın vaxtıilə işğalda olmuş ərazilərində tarixi və mədəni abidələrinin, məscidlərin dağıdılması və təhqir olunması haqqında məlumat verərək və bu abidələrin bərpası və qorunmasının Azərbaycan üçün prioritet təşkil etdiyini bildirib. Eyni zamanda Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniyası təşəbbüsü ilə çıxış etdiyini və İranın da nüfüzlü mədəni, ictimai-siyasi xadimlərinin sözügedən təşəbbüs çərçivəsindəki fəaliyyətlərə qoşula biləcəyini bildirib.

Görüşdə həmçinin, qarşılıqlı səfərlərin təşkil olunması və pandemiya şəraitinin yaxşılaşması ilə mədəniyyət günlərinin keçirilməsi ənənəsinin bərpası, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti