Müharibə öz yerində, neft, qaz axmağında...

// Rusiya Ukrayna üzərindən Avropaya neft və qaz satmağa davam edir

Müharibə öz yerində, neft, qaz axmağında...
  24 Fevral 2022    Oxunub:1944
Rusiya əleyhinə artan geosiyasi təzyiq fonunda Avropada Rusiya qazına tələbat cümə axşamı neft və qazın qiymətlərinin kəskin şəkildə qalxmasına səbəb olub.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, hazırki vəziyyət Rusiyadan Avropaya neft ixracında heç bir problem yaratmayıb. “Russneft” Novorossiysk limanı və magistral boru kəmərləri ilə neft ixracını adi rejimdə davam etdirir.

Bundan əlavə, Rusiya Federasiyasından təbii qazın tədarükü də normal rejimdə davam edir. "Qazprom" avropalı istehlakçıların müraciətlərinə uyğun olaraq, qazın Ukrayna ərazisindən nəqlinə davam edir. Şirkətdən verilən məlumata görə, fevralın 24-də Avropaya 83 milyon kubmetr qaz nəql olunub.

“Moldovaqaz”dan verilən məlumata görə, Rusiyadan Ukrayna vasitəsilə Moldovaya təbii qazın tədarükü də müntəzəm rejimdə həyata keçirilir.

Qeyd edək ki, bu gün Rusiya Federasiyası ilə Ukrayna arasında gərgin vəziyyət fonunda Londonun ICE birjasında Brent markalı neftin fyuçersinin qiyməti 6,66% artaraq bir barel üçün 103,29 dollar olub.

Bundan əlavə, Avropada qazın mart fyuçerslərinin qiymətləri demək olar ki, 30% artaraq min kubmetr üçün 1300 dollardan yuxarı qalxıb. Qiymət artımının davam edəcəyi proqnozlaşdırılır.

S.Həsənova
AzVision.az




Teqlər:





Xəbər lenti