Ədəbiyyatın Emin Piri baxışı

Ədəbiyyatın Emin Piri baxışı
  10 Aprel 2014    Oxunub:2541
Emin Piri müstəqillik dövrü poeziyamızda özünəməxsus yazı üslubunu formalaşdıran, ictimai-siyasi, sosial-mənəvi həyatımızda cərəyan edən hadisələrə öz baxış bucağından nəzər salmağa çalışan ən gənc nəslin nümayəndələrindəndir.

Tənqidçi Vaqif Yusiflinin Emin Piri haqqında yazdığı “Yeni səs, yeni nəfəs” məqaləsi bu baxımdan şairin fərdi yaradıcılığının heç kimə bənzəmədiyini, müstəqil düşüncə və təxəyülün vəhdətindən meydana gəldiyini söyləməyə əsas verir. V. Yusifli yazır: “Dünyada şairlər üçün yazılmamış mövzular qalmayıb daha. Amma ən işlək, min dəfə müraciət olunan mövzularda da təzə söz demək mümkündür. Emin Pirinin ənənəvi mövzularda təzə söz deməyə can atması və əksər hallarda istəyinə can atması onun poetik istedadını nümayiş etdirir.”

Deyilən sözlərin həqiqiliyinə bir daha şahid olmaq üçün şairin “Uşaqlıq illəri asan keçməyib” şeirinə nəzər salaq. Uşaqlıq xatirələrinə həsr olunmuş çoxsaylı digər şeirlərdən fərqli olaraq burada bir sıra acı yaşantılar, taleyin sərt və dözülməz oyunlarına boyun əyməyə məcbur olan, kasıb uşaqlarının keçirdiyi sarsıdıcı həyat səhnələri ümumiləşdirilmişdir. Şeirdə imkansız və varlı uşaqların fərqli münasibət , (“Hindus olmasaq da, atamızın cibinə görə bölmüşdülər bizi kastalara”) bir sıra maddi çətinliklərin poetik lövhələrlə canlandırılmasının şahidi oluruq. Psixologiya doktoru Abdullayeva Şəfahət “Kiçik yaşlı məktəblilərin həmyaşıdları ilə qarşılıqlı münasibətlərinin emosional xüsusiyyətləri” adlı elmi işində yazır: “Səliqəsiz, pinti və kasıb geyim şagirdlərin həmyaşıdları ilə qarşılıqlı münasibətlərinə mənfi təsir edir. Bu səbəbləri aradan qaldırmaq üçün səliqəli görünüşə malik olmaq istiqamətində xüsusi iş aparılmalı və məktəblərdə ümumi forma geyinməyi tətbiq etmək lazımdır.”

Bu cəhətdən şeirdə təsvir olunan lirik qəhrəmanın keçirdiyi iztirabları – özü ilə bərabər ayağının da böyüyərək ayaqqabısını cırması və onun bunu istəməməsi, məktəb bufetinin kasıblar üçün sərhəddin tikanlı məftilləri kimi keçilməz olması, oyuncaq üzünə həsrət qalaraq uşaqsevər tanrını günahlandırması və s. dəqiq müşahidənin, həssas düçüncənin məhsullarıdır.

“Dünyanın ən təmiz yalanı” şeiri öz yeni bədii xüsusiyyətləri və orijinallığı ilə diqqəti cəlb edir. Şair ictimai münasibətdəki çatışmazlıqları, nöqsanları, yalanları əks etdirmək üçün saflıq etalonu olan qarı obrazlı şəkildə təqdim edir. Şeirdə uşaq atasından əlcək istəyir, imkansız ata isə özünü sındırmır “daha yeddi yaşın var, böyük kişisən heç kişi də əlcək taxar?!” –deyərək oğlunu fikirlrindən daşındırır. Şair atanın bu yalanına görə qarı təqsirləndirir. Çünki o yağmasaydı, ata da belə yalan uydurmazdı. Şeir mühiti real və təbii şəkildə əks etdirir: oxucular belə bir qənaətə gəlirlər ki, düzlüyün, ədalətin pozulduğu cəmiyyətdə saflığı qoruyub saxlamaq çox ağırdır, necə ki, bu işlərə görə bütün günahlar ləkəsiz qarın boynuna qoyulur. Atalar demişkən, ağ qarı saf torpaq da yaralar. Hər şey öz vaxtında gözəldir və şair də belə bir zamanda yağan qarı daha gərəkli sayaraq deyir:

Qar istəyir uşaqlar
Tanksız
Yalansız
əlcəkli qar
yağırsansa belə yağ, qar!

“Mələklərə atılan mərmilər” Qarabağ savaşını yada salır. Qadın və uşaqlara atılan mərmilərdən məlum olur ki, düşmənlər bu savaşda dünyanın ən dəhşətli qətliamını törətmişdilər. Doğrudur, şair konkret olaraq müharibənin məkanənı dəqiq şəkildə göstərməsə də, şeirdəki hadisələrin gedişi ünvanı dəqiqləşdirir. Emin Piri sözlə deyilməyən sözlər vasitəsilə soyqırım faktlarını məharətlə açıqlayır:

şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini
qoparmışdı
əllərindən mərmilər
bir qolu balasında
biri özündə qalmışdı ananın...

Lakin ana ümidini kəsmir, bala itgisinin dözülməzliyindən öz itmiş qolunu xatırlaması arxa plana keçir. Ana on altı ildir ki, “altıaylıq körpəsini” axtarır. Uşağın yaşıdları böyümüşdür, lakin ana oğlunu körpələr arasında arayır. Bu isə dərdlərimizin heç vaxt unudulmadığına, üstündən uzun dövr keçsə də, ananın haqlı olaraq bu zamanlardan xəbərsiz olması oxuculara bir nümunə kimi təqdim olunur. Burada ən çox diqqəti çəkən məqamlardan biri də budur ki, Emin Piri bir neçə misrada yüksək sənətkarlıqla Azərbaycanın ağır dərdlərini bədiiləşdirmiş, ananın kəsilmiş qolları ilə birgə parça-parça məhv olmuş uşağı xatırlayarkən ölkəmizin iyirmi faiz işğala və vandalizmə məruz qalmış torpağını xatırlamaya bilmirsən:

on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.

Emin Pirinin müharibəyə həsr olunmuş şeirlərindən biri də “Ayağım özümdən qeyrətli çıxdı”dır. Əsərin qəhrəmanı müharibədə ayağının birini itirir. Bu müharibə üçün adi bir hadisədir. Lakin şair bu epizodu ictimailəşdirə bilmişdir. Əvvəla, lirik qəhrəman itirmiş ayağını əlinə alır, sevgilisi yadına düşür. Müəllif belə bir bədii sual işlədir: “Ona gül aparan əllər bu gün nə aparacaqdır?!” Fikir burada yekunlaşsa da oxucunun xəyalında bitmir: onu sevgilisinin şikəst vəziyyətdə qəbul edib etməyəcəyi narahat edir.

Özünü Vətən yolunda oda-alova ataraq igidliklər göstərmiş qəhrəman belə bir vəziyyətdə də cəbhədən qayıtmağı özünə ar bilir, “əlini başına, dizinə çırpır”:

O qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.

Şeirdəki aşağıdakı misralar da diqqəti cəlb edir:

cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!

Emin Piri obrazlı şəkildə sağ ayaqla sol ayağı qarşılaşdırmış, insanların müharibəyə olan müxtəlif baxışlarını açıqlaya bilmişdir. Adətən həyatın bütün sahələrində, ö cümlədən də müharibələrdə əsl insanlar həmişə xalq mənafeyini şəxsi mənafedən üstün tutmuşlar. Bu balans pozulanda onlar cılızlaşır ki, şairi də düşündürən və kədərləndirəb bu tipli problemlərdir. O, müharibədən öz şəxsi maraqları üçün istifadə edən adamları cəbhədən qayıtmış “sol ayaqla” müqayisə edir. Əsl vətənpərvərləri isə cəbhədə məhv olmuş “sağ ayağa” bənzədir.

Famil Mədət


Teqlər:  





Xəbər lenti