“Qatil” Gürcüstanda

“Qatil” Gürcüstanda
  03 Aprel 2013    Oxunub:1933
Gürcü tamaşaçılara bu dəfə xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi və Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlanan “Qatil” tamaşası təqdim olunacaq
Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrin qurulması və möhkəmləndirilməsi istiqamətində işlərini davam etdirir. Son illər dünyanın bir çox ölkələrinin qabaqcıl teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaradan Dram Teatrının Gürcüstan teatrı ilə yaranan əlaqələri xüsusi diqqətə layiqdir. Ötən illər ərzində həyata keçirilən “GUAM-ın teatr məkanı” teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrı ilə Gürcüstan teatrları arasında sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub və bir sıra beynəlxalq layihələr həyata keçirilib. Azərbaycan-Gürcüstan teatr əlaqələrinin davamı olaraq, 4-6 aprel tarixlərində Akademik Milli Dram Teatrı Tbilisidə qastrol səfərində olacaq. Teatr gürcü tamaşaçılara bu dəfə xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil” tamaşasını təqdim edəcək. Bakıda böyük uğurla nümayiş olunan tamaşanın Gürcüstan tamaşaçıları tərəfindən rəğbətlə qarşılanacağına şübhə etmirik.

Ötən ilin oktyabrında Azərbaycan tamaşaçılarına təqdim olunan və böyük rezonans doğuran tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, səhnə tərtibatçısı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada əsas rolları xalq artisti Səidə Quliyeva (Qonşu), əməkdar artistlər Münəvvər Əliyeva (Qadın), Elxan Quliyev (Polis) və aktyor Hikmət Rəhimov (Oğlan) oynayır.


Teqlər:  





Xəbər lenti