Birinci Qarabağ müharibəsində 700-dən çox mülki şəxs itkin düşüb - RƏSMİ

   Birinci Qarabağ müharibəsində 700-dən çox mülki şəxs itkin düşüb -    RƏSMİ
  09 Fevral 2022    Oxunub:1789
"Birinci Qarabağ müharibəsində itkin düşmüş insanlarla bağlı mövzu həssas və ağrılı mövzudur. Azərbaycan on illərlə bu məsələni müxtəlif səviyyələrdə qaldırıb. Ermənistan bu sahədə öz öhdəliklərinə əməl etməsini sıfır faiz kimi qiymətləndirmək olar".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib. O bildirib ki, 4 fevralda keçirilən Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın videoformatda görüşü zamanı Azərbaycanın dövlət başçısı bu məsələni yenidən qaldırdı və onun nə qədər vacib olduğunu diqqətə çatdırdı. Dördtərəfli müzakirələrdə əsas məsələdən biri humanitar mövzular olub:

"Azərbaycan Prezidenti yenidən bu mövzunu görüşdə qaldırdı. Biz 3890 insan barədə danışırıq, onların arasında 700-dən çox mülki şəxs var. Ermənistanın baş naziri bu sahədə əməkdaşlıq etməyi vəd etdi. Sonra isə heç bir məntiqə sığmayan Ermənistan XİN rəhbərinin açıqlamasını gördük. Məzmunca çox absurd, heç bir mənəviyyata, insanlığa, beynəlxalq hüquqa sığmayan açıqlama idi. Bildirilirdi ki, Ermənistan bununla bağlı heç bir vəd verməyib. Azərbaycan davamlı və israrla bu məsələnin üzərinə gedəcək. Hesab edirik ki, Ermənistana bu istiqamətdə beynəlxalq təzyiqin artırılmasının vaxtı çatıb".

C.Bayramov vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən indiyədək Ermənistana 1 700-dən artıq erməni hərbçinin meyitini təhvil verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qarabağ   Müharibə  



Xəbər lenti