Rüşvəti sən yemləyirsən!
Son günlərdə Yol Polisi əməkdaşlarının rüşvət alarkən çəkildiyi videolar sosial şəbəkələrdə az qala serial kimi yayılır. Qoçaq oğlanlar var, rüşvəti verir, sonra da harasındasa gizlətdiyi telefonla çəkib, facebook-a qoyur. Yəni: alın sizə, ölkədə korrupsiya var! Mən isə əjdahayam, onu ifşa etdim!
Bəs rüşvəti verənlər?! Sadə müşahidə kifayətdir ki, onların rüşvət dövriyyəsində, korrupsiyanın qalmasında və böyüməsində daha maraqlı tərəf olduğunu anlayasan. Məsələn, adam içib maşına oturub. Qanunu ciddi şəkildə pozub. Ounun ürəyindəndir ki, təki yol polisi rüşvəti alsın və daha ciddi cəzadan canı qurtarsın. Bəlkə də ürəyində polisin rüşvət alması üçün Allaha yalvarır. Və sonda istədiyinə nail olur – rüşvəti verir, sənədlərini geri alır. Üstəlik, polisi çəkib, facebooka-a qoyur. Nəticədə, əgər yol polisi bir dəfə qanunu pozubsa, sürücü iki dəfə pozur – içib sükan arxasına oturanda və rüşvət verəndə.
Bu sxem təkcə yol hərəkəti sahəsində belə deyil. Əksər işlərdə insanlar ÖZLƏRİNƏ SƏRFƏLİ OLANI etmək üçün rüşvət təklif edirlər. Təhsildə, əmlakla bağlı məsələlərdə, sosial müdafiə ilə bağlı işlərdə... Adam müavinət almalı deyil, amma rüşvət təklif edir ki, ona müavinət “düzəltsinlər”. Adamın uşağı sinifdə qalmalıdır, amma rüşvət verir ki, yuxarı sinfə keçirsinlər. Həyətini və evini qanunsuz böyüdür, pul verib sənədə saldırır. Ona hansısa sənəd düşmür, amma pul verib düzəltdirir. Rüşvətlə ÖZ İŞLƏRİNİ gördürür. “Korrupsiya” adlı maşına benzin tökür. “Rüşvət” adlı yırtıcını yemləyir.
...Sonra da deyir ki, “niyə bizdə korrupsiya var?” Var, çünki onu sən yemləyirsən!
Neçə adam görmüsünüz ki, heç bir rüşvət-filan təklif etmədən, qanunun buyurduğunu qəbul etməyə razı olub? Yəqin ki, çox az, ya da heç görməmisiniz. Çünki bizdə rüşvət verənin üstünə nəyə görəsə, gedilmir. Sanki o, məsum bir quzudur. Hamı alanın yaxasından yapışır, onu günahkar bilir. Oysa, rüşvət verənin də ən azı alan qədər günahı var. Hətta daha böyükdür. Deyim, niyə.
Rüşvəti ALAN – pulun qarşısında dayana bilməyib, tamahına yenilib və qanunu pozub.
Rüşvəti VERƏN – Qanunun buyurduğunu öz xeyrinə dəyişmək üçün alanı tamahlandırıb, şirnikləndirib, alması üçün şərait yaradıb.
Ona görə də, səbəb-nəticə əlaqəsində verən tərəf birinci gəlməlidir, alan ikinci.
Məncə, rüşvəti verənlərə qarşı da, alanlarla bağlı olduğu kimi, “ov” başlamalıdır. Üstəlik, ictimai qınaq onlara qarşı da amansız olmalıdır. Qoy, insanlar rüşvət verməkdən qorxsunlar, beyinlərinə otursun ki, qanunun qoyduğu çərçivəni pulla genişəndirmək olmaz, bu, çox pis hərəkət və cinayətdir. Qoy, ictimai şüurda qanunla razılaşmaq təfəkkürü yaransın.
Elə həmin o polisi çəkən adamdan başlamaq pis olmazdı – qoy blisin ki, rüşvəti verən o, alan polisdən heç də yaxşı deyil. Hətta ondan da pisdir!