“Türkiyə qaz ticarətinin mərkəzi olacaq” – Oğuzhan Akyener (Audiokast)

   “Türkiyə qaz ticarətinin mərkəzi olacaq” –    Oğuzhan Akyener (Audiokast)
  08 Fevral 2022    Oxunub:3021
“Qazın spot və svop bazarları bir-birindən çox fərqlənirlər. Spot – bazar qiymətləri deməkdir. Dünyanın bir çox ölkələrində spot bazarlar mövcuddur. Türkiyədə də spot bazarın yaradılmasına çalışılır. Spot bazarı ani dəyişən, uzunmüddətli kontraktlardan kənar təyin edilən qiymətlər kimi düşünülə bilər. Svopa isə elə Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsini misal göstərmək olar”.
Bu sözləri AzVision.az -a Türkiyə Enerji Strategiyası Pazarlama Araşdırmalar Mərkəzi – TESPAM-ın sədri Oğuzhan Akyener deyib. O bildirib ki, ötən ilin noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında imzalanan, dekabrın 1-də qüvvəyə minən qaz mübadiləsi haqqında saziş daha çox Naxçıvan üçün əlverişli olacaq.


- Çox ehtimal ki, layihənin icrası zamanı Türkiyədən Naxçıvana çəkilən boru xəttindən istifadə nəzərdə tutulur. Bir qismi də Azərbaycana göndərilə bilər. Bu cür svop-müqavilələr əvvəllər də tətbiq edilirdi. Belə ki, İran şimal-şərq bölgələrinin qaz ehtiyacının təmin edilməsində dəfələrlə problem yaşamışdı. Bu səbəbdən, Türkmənistandan qaz idxal edirdi. Qazın qarşılığında isə İranla Türkmənistan arasında fərqli məhsulların mübadiləsi həyata keçirilirdi. Yəni heç də həmişə pul ilə edilmirdi bu ticarət. Bir müddət əvvəl isə qiymətlə bağlı narazılıqlar yaşanmış, bu səbəbdən qazın nəqli prosesi dayanmışdı. Eyni zamanda, İranın Azərbaycanla ticarət razılaşması var idi. Azərbaycan qaz və ya başqa məhsullarını İrana verir, əvəzində isə İran Naxçıvanı qazla təmin edirdi. Diqqət etsək, bu iki ticarət modeli artıq bir modelə çevrilir. Yəni ümumi olaraq, İran Türkmənistandan aldığı qazla şimal-şərq ərazilərini təmin edəcək, özü istehsal etdiyi qazı isə qərbdəki stansiyaları vasitəsilə Naxçıvana göndərəcək.

- Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli nə qədər realdır?
- Həmin svop müqaviləsinin Cənub Qaz dəhlizinə aidiyyəti yoxdur. Hazırda Cənub Qaz dəhlizilə Azərbaycan qazı Türkiyə və Avropa ölkələrinə göndərilir. TANAP və TAP proyektlərinin genişləndirilərək, “Şahdəniz-2” ilə birlikdə bir sıra yeni qaynaqların əlavəsi də nəzərdə tutulur. Svop müqaviləsindəki Türkmənistan qazı isə demək olar ki, Naxçıvanın ehtiyacını qarşılayacaq qədərdir. Türkmənistandan əlavə qaz almaq üçün isə xeyli işlərin görülməsi lazımdır. Hazırda boruların ötürücülük qabiliyyəti də əl vermir. Ona görə də daha böyük həcmdə bir svop anlaşması hələ müzakirə olunmur.

- Son zamanlar İrandan gələn təbii qaz kəmərindəki problemlər səbəbindən Türkiyənin bəzi bölgələrində qaz təchizatında problemlər yaşanıb. Bu fonda Azərbaycan qazının Türkiyənin qaz təchizatında əhəmiyyəti nədir?
- Həqiqətən də Türkiyədə İranın lazımı dərəcədə qazla təmin etməməsi səbəbindən problemlər yaşanır. Əvvəllər də bu cür problemlər olub. O zamanlar da Azərbaycan Türkiyənin çətin günündə köməyinə çatmışdı. Azərbaycanı xarici ölkə kimi yox, qardaş dövlət olaraq gördüyümüz üçün imkanlarından istifadə edirik; daha çox qaz əldə etmək imkanı varsa, razılaşma maksimum tezliklə həyata keçirilir. Beləliklə, bu cür hallarda Azərbaycan başda olmaqla Rusiyadan və spot bazardan əldə etdiyimiz qaz tədarükü ilə çətin vəziyyətlərdən çıxırıq. Bu yöndə Azərbaycandan hər zaman dəstək görürük. Xatırlatmaq yerinə düşər ki, “Şahdəniz-1” müqaviləsi bitdikdən sonra 11 milyard kubmetrlik razılaşma da bunlardan biridir.

- Türkiyə həm də qaz qovşağı rolunu oynayır. Bu, hansı üstünlükləri yaradır?
- Türkiyə qaz ticarəti mərkəzi olmaq yolunda addımlar atır. Misal kimi ilk boru xətti olan TANAP layihəsini göstərmək olar. Türkiyə mənbələrin diversifikasiyasını və bazar mexanizmini inkişaf etdirdikcə, qaz kəmərlərinin birləşdiyi hab rolunu oynamağa başlayacaq. “Türk axını” vasitəsilə Avropaya qaz ötürülməsi də bu rolu gücləndirir.

- Qarabağın işğaldan azad edilməsi ilə bu il Naxçıvana təbii qazın fasiləsiz verilməsi üçün yeni xətt çəkiləcək. Iğdır-Naxçıvan qaz kəmərinin tikintisi üçün BOTAŞ və SOCAR-ın birgə həyata keçirəcəyi layihəyə 185 milyon lirənin xərclənməsi planlaşdırılır. Bu, nə üçün vacibdir?
- Qeyd etdiyiniz kimi, Qarabağ müharibəsindən sonra bölgədə müəyyən proseslər də dəyişdi. Bunlardan biri də Naxçıvanın qazla təminatı məsələsidir. Naxçıvana qaz İran tərəfindən verilirdi. Qazla təchizatda bir sıra problemlər yaşanmışdı. Bu səbəbdən, investisiyalar ayrıldı və Türkiyə-Iğdır-Naxçıvan təbii qaz kəmərinin tikintisi başladı. Bu boru xətti tamamlandıqdan sonra Azərbaycanın Türkiyəyə göndərdiyi qazın müəyyən hissəsi Naxçıvana ötürüləcək. Nəticə etibarilə Naxçıvanın enerji təhlükəsizliyi problemi tamamilə həll olunacaq.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Qaz   Enerji  





Xəbər lenti