“AzerGold” 2021-ə yekun vurub: Ötən il dövlət büdcəsinə 33 milyon manatdan çox vəsait ödənilib

  “AzerGold” 2021-ə yekun vurub:  Ötən il dövlət büdcəsinə 33 milyon manatdan çox vəsait ödənilib
  07 Fevral 2022    Oxunub:2556
Bu gün "AzerGold" Qapalı Səhmdar Cəmiyyətində(QSC) ötən ilin yekunlərı və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib. Qurumun fəaliyyəti barədə məlumat verən "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, geridə qoyduğumuz 2021-ci ildə ölkəmiz üçün tarixi əhəmiyyətli bir hadisəni, şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində əldə etdiyimiz zəfərin il dönümünü böyük sevinc hissi ilə qeyd etdik.
Dövlət başçısının əzmi, qətiyyəti və böyük fədakarlığının nəticəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda kütləvi bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərlərə, kəndlərə indi yeni nəfəs gəlib.

"AzerGold" 256,5 min unsiya qızıl hasil edib
- Çox keçməyəcək ki, bu torpaqlarda iqtisadi həyat da canlanacaq. Yeni fəaliyyət sahələri açılacaq, yerli sənayemiz təşəkkül tapacaq. Geridə qoyduğumuz il “AzerGold” üçün olduqca əlamətdar bir dövr hesab edilir. Yubiley ili adlandırdığımız 2021-ci ili nailiyyətlərlə tamamladıq. Hesab edirəm ki, bu 5 il ərzində kifayət qədər uğurlu fəaliyyət həyata keçirməklə bütün sahələr üzrə mühüm nailiyyətlər əldə etmişik.

İlin ən əlamətdar hadisəsi olaraq möhtərəm cənab Prezidentin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) gerçəkləşdirdiyi tarixi səfəri xüsusilə qeyd etmək istəyirəm. Bu səfər fəaliyyətimizə göstərilən ən yüksək diqqət, bizim üçün əlavə stimul mənbəyi oldu. Dövlətimizin başçısı ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsən rayonunun ucqar dağ kəndlərindən olan Çovdar kəndinin yaxınlığında yerləşən müəssisəmizə baş çəkdi. Bu əlamətdar gündə geoloqlarımız tərəfindən kəşf edilmiş “Mərəh” qızıl yatağı istismara verildi. Səfər çərçivəsində dövlət başçısı fəaliyyətimizlə bağlı bir sıra vacib tapşırıqlar verdi. Cənab Prezident ötən ayın sonlarında Gəncə şəhərinə səfəri çərçivəsində Daşkəsəndə qızıl yataqları və dəmir filizi yataqlarının mövcudluğuna diqqət çəkərək, işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verildiyini xüsusilə qeyd etdi. Əminəm ki, bu tapşırıqların yüksək səviyyədə icrası ilə dövlət başçısının etimadını doğruldacağıq.

Sədr çıxışı zamanı qeyd edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da dağ-mədən sənayesində, xüsusən qızıl hasilatı və işlənməsi sahəsində olan perspektivlər ölkə iqtisadiyyatı üçün mühüm inkişaf faktorudur.



- Təsadüfi deyil ki, ötən il ərzində ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl 2-ci sırada yer alıb. Və sevindirici haldır ki, Səhmdar Cəmiyyət qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında ön mövqelərdə qərarlaşıb. Dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində davam etdirilən islahatlar nəticəsində dağ-mədən sənayesinin bu sahədə payı getdikcə artmaqdadır. 2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8%, qeyri-neft emalı sənayesində isə 21,7% artıb. Qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6%-ə çatıb ki, bu da 2020-ci (8,5%) və 2019-cu (7,6%) illərlə müqayisədə daha yüksək göstəricidir. Bununla yanaşı, 2021-ci il ərzində ölkəmizin qeyri-neft sektoru üzrə ixrac 2,7 mlrd. ABŞ dolları təşkil edib. Bu da 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artım deməkdir.

Qeyri-neft sənayesini təmsil edən dövlət şirkəti kimi əsas uğur Cəmiyyətin qarşısında duran vəzifə və öhdəliklərinin tam ölçüdə icrasına nail olmasıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 22 fevral 2021-ci il tarixli Sərəncamından irəli gələrək Cəmiyyətin idarə olunmasına dair korporativ idarəetmə standartlarının, onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edilməsi istiqamətində Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələri yoxlanılıb. Beynəlxalq nüfuzlu “Ernst and Young” məsləhətçi şirkəti ilə aparılan diaqnostikanın nəticələrinə uyğun olaraq Cəmiyyətin fəaliyyəti olduqca müsbət qiymətləndirilib və bütün göstəricilər müvafiq sənəddə öz əksini tapıb.

Bilirsiniz ki, ölkəmizdə aparılan davamlı struktur islahatları və iqtisadiyyatın səmərəliliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə “AzerGold” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Beləliklə, beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə üsullarının tətbiq edildiyi Cəmiyyətin bu yöndə fəaliyyəti daha da təkmilləşdirilib. Bu müddət ərzində Azərbaycan İnvestisya Holdinqinin bilavasitə rəhbərliyi ilə bütün fəaliyyət sahələri üzrə ən optimal metodlarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılıb. Yeni idarəetmə əsasında Müşahidə Şurasının 2 qiyabi, 5 əyani olmaqla 7 iclası keçirilib. İnvestisiya Holdinqinin tövsiyəsi ilə Müşahidə Şurasının iclaslarında bir sıra vacib qərarlar qəbul edilib. Bu qərarlara, sərbəst vəsaitlərin idarə və istifadə olunması haqqında qaydaların təsdiqi, Cəmiyyətin qızıl satışı üzrə gəlirlərinə bazar qiymətinin mənfi təsirinin minimallaşdırılmasının təmin edilməsi məqsədilə hedcinq əməliyyatları üzrə qaydalar, əsas Səmərəlilik Göstəricilərinin nəticəsinə əsaslanan ödəniş sistemi əsasında Cəmiyyətin işçilərinə bonus ödənişinin verilməsi Qaydaları və sairə digər mühüm qərarlar daxildir. Əminəm ki, Azərbaycan İnvestisiya Holdinqi ilə qarşılıqlı fəaliyyət nəticəsində Cəmiyyətin fəaliyyətində səmərəlilik və milli iqtisadiyyatımıza verilən töhfələr daha da artacaq.



Zakir İbrahimovun sözlərinə görə, ötən ili “AzerGold”un fəaliyyəti üçün əlamətdar edən addımlardan biri də Cəmiyyətin korporativ strategiyasının Daşkəsən dəmir filizi yataqları və işğaldan azad edilmiş ərazilərdəki yataqlar nəzərə alınmaqla Cəmiyyətin nizamnaməsi və qanunvericiliyin tələblərinə uyğun yenilənməklə Müşahidə Şurası tərəfindən təsdiq edilməsidir.


- Xatırladım ki, Cəmiyyətin strategiyası üzrə müəyyən edilmiş layihələrin icrası çərçivəsində əsas hədəflər bunlardır: Cəmiyyətin növbəti 10 il ərzində əhəmiyyətli qlobal mədənçilik liderlərindən biri olmağa hazır olan iri şirkətə çevrilməsi.Əlvan və qara metallar üzrə fəaliyyət nəticəsində 2035-ci ilədək ölkənin məcmu ÜDM-inə 24 milyard manat həcmində töhfənin verilməsi. Layihələrin icrasının ən fəal mərhələsində 12 min nəfərdən çox işçinin cəlb edilməsi. Məcmu gəlirin 18.5 milyard manata çatdırılması. Faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətin (EBITDA) 7 milyard 650 milyon manata yüksəldilməsi. Dövlət büdcəsinə məcmu vergi ödənişinin 1.7 milyard manat təşkil etməsi.

Sevindirici haldır ki, strateji hədəflər çərçivəsində ötən il də hasilat, satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlər plandan daha artıq və tam qrafik üzrə yerinə yetirilib. Şirkətimiz regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin və dayanıqlı inkişafın artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib.

Bildiyiniz kimi, “AzerGold”un fəaliyyət sahələri də genişləndirilib. 2021-ci ildə gördüyümüz işlərin təfsilatına gəlincə istərdim ilk öncə çıxışımın birinci hissəsində Cəmiyyətin əlvan metal yataqları üzrə fəaliyyəti çərçivəsində görülmüş işlər barədə məlumat verim.
“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsal proseslərinin optimallaşdırılması üzrə bir sıra vacib addımlar atıb. Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 61.5 min unsiya qızıl, 134.4 min unsiya gümüşə çatdırılıb. Beləliklə, qızıl hasilatı plandan 11%, gümüş hasilatı isə 55% daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2.5%, gümüş hasilatı üzrə 10.9% artım qeydə alınıb. Cari ildə isə 61074 unsiya qızıl, 122147 unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.

Sədrin sözlərinə görə, ötən illərdə Cəmiyyət tərəfindən aparılmış əlavə tədqiqat, kəşfiyyat və mədənin optimizasiyası işləri nəticəsində Çovdar yatağının oksid mərhələsi üzrə satılabiləcək qızıl ehtiyatı 179 min unsiyadan 212 min unsiyayadək yüksəldilib. Çovdar yatağının oksid mərhələsi üzrə istismarı 2021-ci ilin aprel ayında tamamlanıb. Eyni zamanda, hesabat ilində Çovdar yatağının sulfid mərhələsi üzrə oksid filizlərin istismarı nəticəsində 28 min unsiya hasilat işləri həyata keçirilib. Fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyətin ümumi hasilat göstəriciləri 256.5 min unsiya qızıl və 488 min unsiya gümüş təşkil edir.

Bundan başqa, məlum olub ki, ötən ilin satış əməliyyatları da uğurla həyata keçirilib, qızıl və gümüşün beynəlxalq bazarda, həm də daxili bazarda satışı təmin edilib.

- İlk növbədə qeyd etmək istərdim ki, zərgərlik bazarının inkişafı sahəsində İqtisadiyyat Nazirliyinin bilavasitə iştirakı ilə aparılan islahatlar daxili bazarda ilkin effektiv nəticələrini göstərib. 2021-ci ilin əvvəlində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məhsullarına tələbat kəskin artıb.
İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən gömrük rüsumundan, həmçinin sikkə, külçə və qranul şəklində qızıl və gümüş məhsullarının satışının ƏDV-dən azad edilməsi pərakəndə satışda böyük canlanma yaradıb. Belə ki, qızıl məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılmasına daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəmin yaradıb. Ötən il “AzerGold” məhsullarının daxili pərakəndə bazarda satışı həcmi 2649 unsiya təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 446% daha çoxdur.
Məhsullarımızı yerli bazara təklif etdiyimiz 2019 - 2021-ci illərdə ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib. Bunun da 78%-i məhz 2021-ci ildə satılıb. Ötən il satılan qiymətlilərin 97%-ni qızıl, 3%-ni isə gümüş məhsulları təşkil edib və qeyd edilən satışlardan dövriyyəyə ümumilikdə 8,7 milyon manatdan çox vəsait cəlb edilib. Bu ötən illə müqayisədə 377% artım deməkdir.



Məhsullarımızın satışında kəskin artım xüsusilə Satış mərkəzimiz fəaliyyətə başladıqdan sonra qeydə alınıb. Bilirsiniz ki, ötən ilin sentyabr ayında ölkəmizin zərgərlik sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlara dəstək məqsədilə Cəmiyyətin ilk Satış və mübadilə mərkəzi istifadəyə verildi. Paytaxtın Bülbül prospekti 3 ünvanında yerləşən Mərkəzdə şirkətimiz tərəfindən istehsal edilən məhsulların qızılın dünya birjasındakı qiymətlərinə uyğun minimal marja ilə satışa çıxarılması və ilk dəfə olaraq sikkə və külçələrin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin edildi. Ötən il Satış və Mübadilə Mərkəzində 2366 unsiya həcmində məhsulun satışı həyata keçirilib. Bu da Cəmiyyət tərəfindən il ərzində daxili bazarda satılan məhsulların 89%-ni təşkil edir.

Təlabatın artması ilə məhsul çeşidlərimizin və nəticə etibarı ilə daxili bazara yönəltdiyimiz qiymətli metalların həcminin də artırılmasını labüd edib. Bu xüsusda, hasil etdiyimizin qızılın bir hissəsinin yeni növ məhsullar istehsal etməklə daxili bazara yönəltmişik. Bu da 2020-ci il ilə müqayisədə ixrac edilmiş qızıl və gümüşün həcminə nisbətən təsir etsə də, yerli pərakəndə bazarın kifayət qədər ciddi artımına səbəb olub. Qeyd edim ki, məhsullara alıcılar tərəfindən yüksək maraq və tələbatın olmasını nəzərə alaraq gələcəkdə ölkənin iri şəhər və rayonlarında da yeni mərkəzlərin istifadəyə verilməsi istisna edilmir. Bu istiqamətdə bazar araşdırmalarımız davam edir.


O da məlum olub ki, daxili bazarda canlanma xammal satışı göstəricilərində özünü göstərib. Belə ki, ötən il ümumilikdə 1000 unsiya xam qızıl, 15 min unsiya xam gümüşün satışı həyata keçirilib.
Ötən il 60 min unsiya qızıl və 133 min unsiya gümüşün beynəlxalq və yerli pərakəndə bazarlarda satışı nəticəsində 188.3 milyon manat məbləğində gəlir əldə edilib. 2021-ci ildə qızıl üzrə orta satış qiymətinin azalmasına baxmayaraq, 2020-ci illə müqayisədə qiymətlilərin ümumi satışı üzrə daxilolmaları 760 min manat və ya 0.4% artıb. Beləliklə, fəaliyyətdə olduğu 5 il ərzində Cəmiyyət tərəfindən 285 min unsiya qızıl və 560 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 755 milyon manatdan çox vəsait cəlb edib.
Sədrin sözlərinə görə, 2021-ci ildə dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödənilib ki, bunun da 29,7 milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. 2020-ci ildə bu göstərici 12.8 milyon manat təşkil edib və 2021-ci ilin büdcə ödənişlərində 20.2 milyon manat, yəni 158% artım qeydə alınıb. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 73.8 milyon manat həcmində vəsait ödənilib.

Cəmiyyətin 2020-ci ilin yekunlarına dair maliyyə hesabatları 2021-ci ildə dərc olunub. Beynəlxalq standartlara uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2020-ci il üzrə Cəmiyyətin xalis mənfəəti 2019-cu illə müqayisədə 287% artaraq 82 milyon manat təşkil edib, həmçinin digər indekslər üzrə də yüksək nəticələr əldə edilib.

- Diqqətinizə çatdırım ki, cari ildə müstəqil auditor şirkəti (Pricewaterhouse Coopers Audit Azerbaijan LLC) tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır. Cəmiyyətdaxili hesablamalara və 2021-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, Cəmiyyətin xalis mənfəəti təqribən 80 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq. 2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində cari ildə Cəmiyyyət ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırılır.
Bununla yanaşı qeyd etmək istərdim ki, şirkətimiz fəaliyyətə başladığı dövrdən səmərəlilik və dayanıqlı inkişaf prinsiplərini əsas prioritet elan edib. Məhz bu yöndə səylərin nəticəsidir ki, Nazirlər Kabinetinin 257 nömrəli Qərarı ilə nəzərdə tutulan səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyi qiymətləndirilməsi çərçivəsində “AzerGold”un səmərəlilik əmsalı 270% təşkil edib.
Qızıl yataqları üzrə layihələrin icrası ilə bağlı maliyyələşmənin dövlət büdcəsindən asılılığın aradan qaldırılması da, Cəmiyyətin əsas nailiyyətlərindən biridir. Xatırladım ki, Cəmiyyətin strateji hədəflərində müəyyən edildiyi kimi, digər əlvan metal yataqları üzrə layihələrin icrası ilə bağlı dövlət büdcəsindən asılılığın da 2025-ci ildən etibarən aradan qaldırılması nəzərdə tutulur.

Ötən il Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Forum çərçivəsində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində dördtərəfli Anlaşma Memorandumuna imza atıldı. Yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edən Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd geologiya və mədənçilik sahələrində elmi və texniki əməkdaşlığın həyata keçirilməsi, birgə kəşfiyyat işlərinin yerinə yetirilməsindən ibarətdir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaqlar. Türkiyənin bu sahədə geniş təcrübəsi nəzərə alınmaqla Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Sözügedən sənəd iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Ötən illərdə olduğu kimi, hesabat ilində də Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkəmizin zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində fəal iş aparılıb. Artıq bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlərin nazirliyinin dəstəyi ilə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsini həyata keçirilib. Artıq Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar, (xəritə, mətn və qrafik əlavələr) elektronlaşdırılıb, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazası yaradılıb. Görülən işlər yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcək. Geoloji məlumatların rəqəmsallaşdırılması əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracaq.



Hesabat dövründə Cəmiyyətin 2021-ci il üçün Fəaliyyət Planına uyğun olaraq, perspektiv sahələrdə yeni yataqlarının istismara verilməsi istiqamətində kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Ümumilikdə, il ərzində 82,304 metr buruq-qazma işləri görülüb ki, illik göstərici ölkənin dağ-mədən sənayesi üzrə yeni rekord hesab olunur.

Bununla yanaşı, yataqlar və perspektiv sahələr üzrə 43 703 nümunə əsasında müvafiq laboratoriya təhlilləri aparılıb, Cəmiyyətin beynəlxalq hesabatlılıq standartları əsasında bəyan etdiyi metal ehtiyatlarının artımına nail olunub. Belə ki, 2017-ci ildə 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanan metal ehtiyatları 2021-ci ildə 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb. .

Çovdar İnteqrəolunmuş Regional Filiz Emalı Sahəsinin dayanıqlı fəaliyyətini təmin etmək məqsədilə il ərzində “Çovdar” yatağının sulfid mərhələsi və yan sahələrin - yaxın və uzaq cinahların tədqiqatı işləri davam etdirilərək bir sıra uğurlar əldə edilib. Yataq üzrə 212 min unsiya satılabiləcək qızıl ehtiyatına əlavə olaraq Çovdar İnteqərəolunmuş Regional Emal Sahəsinin 8 illik istismar müddəti ərzində 470 min unsiya satılabiləcək qızıl miqdarı təsdiqlənib. Beləliklə, Çovdar və cinah yataqlar üzrə satılabiləcək qızıl miqdarı ümumilikdə 682 min unsiyaya qədər artırılıb.
Qeyd edilən filiz həcmlərinin emalının təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə maksimum səmərəliliyi təmin edən emal metodologiyasının seçilməsi istiqamətində araşdırmalar aparılıb və ən optimal olan çən aşındırma (CİL) metodu emal üsulu olaraq təyin edilib.
Bu metoda uyğun istehsalatın təşkili məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən ilkin lahiyələndirmə işləri aparılıb. Layihəni icra edəcək podratçının seçimi, tikinti layihəsinin idarəedilməsi və keyfiyyətə nəzarət məqsədilə Cənubi Koreyanın “Heerim Architects & Planners Co” məsləhətçi şirkəti cəlb edilmişdir. Zavodun tikintisi və müvafiq infrastrukturun qurulması üzrə satınalma prosedurlarına uyğun “Maqro Construction” türk şirkəti ilə müqavilə bağlanılıb.
2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh” ,“Ağyoxuş 2”, “Tülallar” və onun cinah sahələri, eləcə də ötən il Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır. Yeri gəlmişkən, hazırda “Nərimanlı” yatağından götürülmüş süxur nümunələri beynəlxalq laboratoriyada analiz edilir. Analiz nəticələri əsasında resursların beynəlxalq standartlara uyğun olaraq hesablanması və mədən dizaynının hazırlanması işlərinin cari ildə icra edilməsi, yataq üzrə resurs hesabatı, mədən dizaynı və istehsalat planının 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.


Sədr onu da vurğulayıb ki, Qazax-Ağstafa bölgələrini əhatə edən Dağkəsəmən qızıl yatağı üzrə də eyni qaydada buruq-qazma işləri icra edilərək nümunələr analiz məqsədi ilə keçirilən açıq tenderin qalibi olan İndoneziyada yerləşən beynəlxalq laboratoriyaya göndərilib və bir neçə nümunə üzrə müsbət nəticələr əldə edilib. Geridə qalan nümunələrin nəticələri əsasında kəşfiyyat və tədqiqat işləri ilə bağlı növbəti addımların müəyyən edilməsi planlaşdırılır.

- Bilirsiniz ki, Cəmiyyət tərəfindən işğaldan azad edilmiş ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kəlbəcər rayonunun cənub-şərqində Tutxun çayı hövzəsində yerləşən eyniadlı yataqda mərhələli axtarış işlərinin aparılması üçün ötən ilin payızından müvafiq işlərə başlanılıb. Ümumilikdə təqribən 300 kvadrat kilometlik ərazidə yerləşən Tutxun yatağı qrupu və cinah ərazilər - Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə müvafiq prosedurlar icra edilib. Yataq üzrə 2021-2024-cü illəri əhatə edən geoloji-kəşfiyyat proqramı çərçivəsində tədqiqat işləri davam etdirilir. Eyni zamanda süni peyklərdən hiperspektral görüntülərin alınması, onların işlənilməsi, tədqiqatlarının icrası üçün müasir normalara cavab verən məsafədən (qeyri-invaziv) tədqiqatların yerinə yetirilməsi məqsədi ilə müvafiq işlər görülməkdədir. Tutxun yataqları qrupu və cinah sahələrdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

Hesabat ilində Filizçay və digər polimetal yataqlarının planlaşdırılan dövrlərdə istismara verilməsi məqsədilə müvafiq geoloji kəşfiyyat və tədqiqat, eləcə də texniki-iqtisadi yöndə fəaliyyət davam etdirilib. Bilirsiniz ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında yer alır. 2021-ci ildə yataq üzrə əlavə resursların aşkarlanması məqsədi ilə 3231 metr həcmində buruq-qazma işləri icra edilib, nümunələrin Türkiyədə yerləşən beynəlxalq laboratoriyada analizi yekunlaşdırılmış və müsbət nəticələr əldə edilib. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. "Filizçay" yatağının 2025-ci ildə istismara verilməsi planlaşdırılır, eyni vaxtda yataq üzrə resursların artımına yönəlmiş əlavə kəşfiyyat işləri və onların təsdiqlənməsi, həmçinin filiz süxurlarının mürəkkəb mineroloji və metallurji xüsusiyyətləri nəzərə alınmaqla daha optimal metal tərkibinin əldə edilməsi üzrə emal proseslərinə dair texnoloji sxemin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkət tərəfindən əlavə işlərin icra edilməsi də tövsiyə edilir. "Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. "Filizçay" layihəsinin icrası ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.
Cəmiyyətin portfelinə daxil olan digər mis və sink yataqları üzrə müvafiq geoloji kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Təsdiq olunmuş plana əsasən, geoloji işlərin kifayət qədər uğurlu və layihələrin iqtisadi cəhətdən səmərəli olduğu təqdirdə Balakən rayonunda yerləşən “Mazımçay” mis və Naxçıvan Muxtar Respublikasında Göydağ saziş sahəsinin ərazisində yerləşən Ortakənd mis-qızıl yatağının 2027-ci ildə istimara verilməsi nəzərdə tutulub.
Qurumun rəhbəri “AzerGold”un qara metal filizi yataqları üzrə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verib.
O, xatırladıb ki, Prezident İlham Əliyevin “AzerGold”a göstərdiyi böyük etimadın nəticəsi olaraq Cəmiyyətin fəaliyyət istiqamətlərinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Bununla da irəli gələn müvafiq tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən ilk törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

- Şirkət “AzerGold”un korporativ standartları əsasında təşkil edilib, Məhdud Məsuliyyətli Cəmiyyətin Ümumi Yığıncağı və Müşahidə Şurasının Əsasnamələri təsdiq edilib, uzunmüddətli korporativ strategiyası hazırlanıb, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin Ləğvetmə Komissiyası ilə aktivlərin alqı-satqı işləri nəticəsində 18,6 milyon manat dəyərində əmlak DDF MMC tərəfindən balansa götürülüb. Şirkətin mərkəzi ofisi yaradılıb, Daşkəsən Dəmir Filizi Sahəsinin inzibati ərazisində abadlıq işləri aparılıb.



Məlum olduğu kimi, Daşkəsən dəmir filizi sahəsində 6 yataq mövcuddur. Bu yataqların sovet dövründə filiz ehtiyatı 290 milyon ton həcmində qiymətləndirilmişdir. –1954-2017-ci illər ərzində 92 mln. ton filiz (34,4% dəmir) hasil edilib və nəticədə 42 mln. ton 58.3% dəmir tərkibli konsentrat istehsal olunub.
Sözügedən yataqlardan ikisi –“Şimal-qərb” və “Cənub-şərq” yataqlarından dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılması mümkün olduğu, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğunu nəzərə alaraq daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələ olaraq “Şimal-qərb” və “Cənub-şərq” yataqlarında ilkin tədqiqat işlərinə başlamışıq.
Cari ildə bu iki yataq üzrə İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində 15 min metrə yaxın geoloji, 1000 metrdən çox həcmdə geotexniki buruqqazma işləri icra edilib, layihənin iqtisadi modeli hazırlanıb. Beynəlxalq standartlara uyğun olaraq “Şimal-qərb” yatağında dəmir filizinin miqdarı 74,3 milyon ton, “Cənub-şərq” yatağında isə 113 milyon tondan artıq olmaqla olmaqla, ümumilikdə 187,3 milyon ton olaraq təsdiqlənib. Hal-hazırda karxana istismar planları hazırlanmaqdadır.
Qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın ödənilməsiməqsədi ilə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsi planlaşdırılır. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalı nəzərdə tutulub. Zavodun fəaliyyətə başlaması ilə illik 1.2 mln həcmində konsentrat, 1.2 mln ton pələt və 0.8 mln ton həcmində birbaşa reduksiya dəmirin istehsalı proqnozlaşdırılır.

İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində yataqlar üzrə təqribi 33-34% dəmir tərkibli filizdən 67% dəmir tərkibli konsentratının istehsalı üçün ilkin texnoloji zəncir müəyyən edilmiş və hədəflənən dəmir miqdarının əldə edilməsi üçün zənginləşdirmə zavodunun qurulması nəzərdə tutulub. Filizlərin zənginləşmə səviyyəsinin öyrənilməsi və texnoloji proses zəncirinin layihələndirilməsi məqsədi ilə götürülmüş filiz nümunələrin Avstraliyada yerləşən beynəlxalq laboratoriyalarda analizi aparılaraq müsbət nəticələr əldə edilib.

“Daşkəsən” dəmir filizi yatağı üzrə 2023-cü ildə dəmir konsentratının istehsalı zavodunun, 2025-ci ildə isə pələt və birbaşa reduksiya dəmirin (DRI) istehsalı zavodunun istismara verilməsi hədəflənir. Eyni zamanda həmin zavodun daxili və xarici infrastrukturu layihələndirilmə mərhələsindədir, dəmir filiz konstetratının zənginləşdirmədən pelet DRİ-a çatdırılması üçün alternativ logistik həllər Hal-hazırda bu müəssisələr arasında logistik alternativlər üzrə təhlillər nəzərdən keçirilir.



Ölkədə metallurji xammal bazasının formalaşdırılması üçün konsentrat, pələt və birbaşa reduksiya dəmir istehsalına xidmət edəcək zavodlarının qurulması məqsədi ilə təqribən 1 milyard manat (ƏDV xaric) məcmu investisiya nəzərdə tutulub. Layihənin icrası ilə bağlı dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün alternativ maliyyələşmə mənbələrindən istifadə edilməsi və ya investorların cəlb edilməsi üzrə işlər davam etdirilir.

Beynəlxalq məsləhətçi şirkətin layihə ilə bağlı apardığı hesablamalar nəticəsində məcmu ÜDM-ə (2021-2035) 6.8 milyard manat həcmində töhfənin verilməsi, layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq, illik 3300 nəfərin daimi iş yerləri ilə təmin edilməsi ilə regionun məşğulluq göstəricisinə töhfə verilməsi planlaşdırılır.

Qeyd edim ki, “Şimal-qərb” və “Cənub-şərq” dəmir filizi yataqlarının istismar müddətində sadalanan digər dəmir filizi yataqlarının istifadəyə hazırlanması və hasilata cəlb edilməsi ümulikdə layihənin iqtisadi effektini bir neçə dəfə artırmış olacaq.

Sədrin sözlərinə görə, 2021-ci ildə Cəmiyyəti üçün daha bir əlamətdar hadisə şirkətin ikinci törəmə müəssisəsi “AzerBlast” MMC-nin təsis edilərək fəaliyyətə başlamasıdır. MMC ötən ilin mart ayında dövlət qeydiyyatına alınıb. Şirkətin yaradılmasında məqsəd mədənlərin istismarı prosesində, eləcə də digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə daxili tələbatın ödənilməsi, fasiləsiz tədarük zəncirinin təmin edilməsi və idxal asılılığın tədricən aradan qaldırılmasıdır. Həmçinin şirkət gələcəkdə istehsal ediləcək məhsulların xarici bazarlara çıxarılmasını, ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi hədəf olaraq müəyyən edib. Dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkətin ümumi səhmlərinin 51%-i “AzerGold”a, 49%-i isə “DM Servis” MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində qabaqcıl təcrübəyə malikdir.
Sənaye partlayıcı maddələrin istehsalı zavodunun qurulması istiqamətində də hesabat ili ərzində müvafiq işlərin icrası davam etdirilib. Zavodun fəaliyyəti nəticəsində dağ-mədən və inşaat sənayesində istifadə olunan Anfo və qeyri-Anfo məhsullarının istehsalı nəzərdə tutulur. 2022-ci ilin sentyabr ayında istismara verilməsi planlaşdırılan zavodun proqnoz məhsuldarlıq gücü yerli proqnoz təlabatın nəzərə alınması ilə 31 min ton proqnozlaşdırılır.

“AzerGold” ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına da xüsusi önəm verir.

- Sevindirici haldır ki, hazırda hasilat və emal işlərini həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. 2021-ci il ərzində Cəmiyyətin uğurları üçün çalışan əməkdaşlarının sayı mədən ərazisində fəaliyyət göstərən podratçı şirkətlərlə birgə 1200 nəfərdən artıq olub. Hazırda Cəmiyyətdə 32 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı, 7 nəfər müharibə veteranı adı almış şəxs və 7 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Bir daha xatırladım ki, Cəmiyyətin əlvan və qara metallar üzrə layihələrinin icrasının ən fəal mərhələsində 12 min nəfərlik iş yerini açılması hədəf olaraq müəyyən edilib.

Ötən ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Cəmiyyətin kadr ehtiyaclarına uyğun olaraq 11 vəzifə üzrə 85 ixtisaslı kadrın hazırlanması layihəsinə start verilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində olan Peşə Təhsil Mərkəzlərindən seçilmiş 20 tələbə təqaüd proqramına cəlb edilib.
Bununla yanaşı, dağ-mədən sahəsi üzrə kadrların inkişaf etdirilməsi məqsədi ilə ali məktəb tələbələri üçün “Təqaüd proqramı” müsabiqəsi elan edilib. Müsabiqəni uğurla keçən 10 nəfər tələbənin müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat olmaqla təqaüdlə təmin edilməsi, həmçinin Cəmiyyətdə təcrübə proqramlarını bitirdikdən sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulub.
Əlbəttə ki, biz bununla kifayətlənmək fikrində deyilik. Cəmiyyətin orta və uzunmüddətli korporativ strategiyası çərçivəsində növbəti illər üzrə kadr ehtiyacları müəyyən edilmiş və kadrların zamanında cəlb edilməsinin təmin edilməsi istiqamətində tədbirlər cari ildə də davam etdiriləcək.

Hesabat ili dövründə fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib. 2021-ci ildə xəsarətsiz ötüşən iş saatlarının miqdarı 750 774 saat olmaqla, ümumilikdə 2016-2020-ci illər ərzində xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 700 min saatı ötmüşdür. Bu, 5 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir!

Məlum olduğu kimi, ekoloji siyasət Səhmdar Cəmiyyətin fəaliyyətində əsas prioritetlərdəndir. Fəaliyyət sahələri üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədi ilə sahələrdə ətraf mühitin monitorinqi işləri aparılır. Monitorinq zamanı atmosfer havasının toz və zərərli qazlarla çirklənməsi, həmçinin ətraf mühitin fiziki təsirlərlə (səs-küy, vibrasiya) çirklənməsi üzrə instrumental müşahidə işləri yerinə yetirilir. Cəmiyyət tərəfindən hazırlanmış tədbirlər planı çərçivəsində kəşfiyyat, hasilat və emal prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Bununla yanaşı, ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik tədbirlər keçirilir, ətraf mühitə töhfə vermək və ekosistemin bərpası üçün mütəmadi ağacəkmə aksiyaları keçirilir. Bugünə qədər keçirilmiş ağacəkmə aksiyaları və yaşıllaşdırma işləri çərçivəsində Çovdar mədənin ərazisində 10000-dən çox ağac və kol əkilib. Ekologiya sahəsində görülən işlərin davamı olaraq qeyd edilməlidir ki, Cəmiyyətdə stehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur. İstehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar: civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emal üçün yönəldilir.

Məlum olduğu kimi, hər bir şirkətin icbari olaraq daşıdığı hüquqi məsuliyyəti var. Korporativ sosial məsuliyyət isə tamamilə könüllülük prinsipinə əsaslanan fəaliyyət növüdür. “AzerGold”un sosial fəallıq proqramları könüllü və sistemli xarakter daşıması şirkətin missiyası və inkişaf strategiyası, eləcə də dövlətin sosial yöndə həyata keçirdiyi tədbirlərə dəstək niyyəti ilə bağlıdır. Hər il olduğu kimi 2021-ci ildə də Cəmiyyətimiz tərəfindən KSM sahəsində bir çox layihələr uğurla icra edilib. Ötən il təhsil, sağlamlıq, ətraf mühitin mühafizəsi, tarixi və mədəni irsə töhfə, sosial yardım və digər istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirilib. Cari ildə KSM çərçivəsində fəaliyyət planı təsdiq olunub. Bir neçə orta və iri layihənin icrasına start verilib.

Hörmətli media nümayəndələri, əziz jurnalistlər, bildiyiniz kimi, möhtərəm cənab Prezindentin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən dövlət proqramları və tədbirlər müvafiq olaraq qeyri-neft sektorunun inkişafına zəmin yaradıb. Hal-hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə və əsas vəzifələrdən biri olaraq müəyyən edib. Buna görə də ölkədə diqqət əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ixracyönümlü iqtisadiyyata keçid və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yönəldilib.
Bütün bu kimi müsbət meyllər ölkənin aparıcı mədən şirkəti olaraq bizim də öhdəliyimizə ciddi hədəflər qoyur. Dövlət şirkəti olaraq iqtisadiyyatın inkişafına davamlı töhfələrimizi vermək, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə öz dəstəyimizi göstərmək bizim missiyamız və başlıca hədəfimizdir.
Əminəm ki, cari il ərzində də qarşıya qoyulan məqsədlərə nail olunacaq, xüsusilə mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atılacaq.

Tural Tağıyev

AzVision.az



Teqlər:   AzerGold   Qızıl   Satış   Unsiya   Gəlir  





Xəbər lenti