“1 ildən o yana etibarlı proqnoz verə bilmirik” - VİDEOKAST

// Rusiyalı akademik Xəzərlə bağlı “fəlakət ssenariləri”ni AzVision-a şərh edir

   “1 ildən o yana etibarlı proqnoz verə bilmirik” -  VİDEOKAST
  31 Yanvar 2022    Oxunub:22082
Alman və holland tədqiqatçıların hesablamalarına görə, 2100-cü ilə qədər Xəzər dənizində suyun səviyyəsi indikindən 9-18 metr aşağı olacaq. Bu hal regionun ekologiyasında, iqtisadiyyatında və siyasi sabitliyində bir sıra problemlər yaradacaq. Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi, Su Problemləri İnstitutunun aparıcı mütəxəssisi, okeanoqraf, coğrafiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Pyotr Buxaritsin AzVision.az-a müsahibəsində bu mövzuda fərqli yanaşma ortaya qoyur.
- Mən o həmkarlarımı tanımıram, onların fəlakətli proqnozunu internetdən öyrənmişəm. Açığı, alimlərin bəlkə də təsadüfən, ya da bugünkü iqlim dəyişikliyi dalğasında Xəzər probleminə töhfə vermək qərarı məni təəccübləndirdi. Burada çox əlverişli şərait yaranıb, Xəzərin növbəti erası başlayıb. Dənizin səviyyəsinin dəyişməsi insanlar Xəzər dənizi sahillərində məskunlaşmağa başlamazdan əvvəl mövcud olan təbii iqlim hadisəsidir. Xəzər dənizinin şimal sahillərində əsasən daimi yaşayış yeri olmayan və heyvandarlıqla məşğul olan köçəri tayfalar yaşayırdı. Dənizimiz indiki adını da at yetişdirən xəzərlərdən alıb.


80 il üçün proqnoz vermək, məncə, real deyil. Onlar Rusiyanın Avropa hissəsindəki iqlim dəyişikliyinə diqqət yetiriblər. Qapalı Xəzər dənizinə daxil olan suyun 80%-dən çoxu Volqa, təxminən 10%-i Ural çayının, qalanı da Qafqazın və İran sahilləri çaylarının payına düşür. Ancaq hər şey əslində balansdan, nə qədər suyun daxil olmasından və nə qədərinin buxarlanmasından asılıdır. Bu, uzun illər ərzində Xəzər dənizinin səviyyəsinin dəyişməsi problemilə məşğul olan hidroloqların istifadə etdiyi ənənəvi su balansı üsuludur. Amma hər şey o qədər də sadə deyil. Məsələn, 1930-cu illərdə Xəzər dənizində qurulan stansiya və postlar şəbəkəsində hidrometeoroloji müşahidələrin aparılması üçün məcburi tələblər qoyulub. Buxarlanma hovuzları işə salınıb. Bu hovuzlar su ilə doldurulmuş dairə formasında yastı qablar idi və hidrometeoroloqlar hər gün hovuzda suyun buxarlanmasını müşahidə edirdilər. Sonra onu Xəzər dənizinin sahəsinə nəzərən yenidən hesabladılar. İddialara görə, bu yolla dənizin səthindən nə qədər suyun buxarlandığını müəyyən etmək mümkün idi. Amma sonradan məlum oldu ki, bu, reallıqla heç də üst-üstə düşmür. Elə həmin elm adamları sübut etdilər ki, buxarlanma təkcə dənizin səthindən, hava və suyun temperaturundan deyil, həm də küləyin istiqamətindən və sürətindən asılıdır. Buna görə də, buxarlanma hovuzlarından tezliklə imtina olundu və hesablamalarda orta uzunmüddətli buxarlanma qiymətlərindən istifadə etməyə başladılar. Hələlik hesablamalar üçün bu üsul əsas götürülür, lakin təəssüflər olsun ki, Xəzərin səviyyəsini 1 ildən artıq müddətə etibarlı şəkildə proqnozlaşdıra bilmirik.

Dəniz səviyyəsinin ilk instrumental müşahidələrinə 1836-cı ildə mühəndis və alim E.X.Lensin təşəbbüsü ilə başlanıb. Maliyyə Nazirliyi Bakı Gömrük İdarəsinə yazılı əmrlə tapşırıb ki, “Xəzər dənizinin səthinin ehtimal olunan enişinin və ya başqalarının hesab etdiyi kimi, dövri artımının yaxından təsdiqi üçün..." Bakı buxtasında Xəzər dənizinin səviyyəsinin sistematik müşahidəsini təşkil etsin. Xəzər dənizinin səviyyəsinin futştok (bölgüləri olan mis reyka) ilə ölçülən bu cür instrumental müşahidələrinə 1837-ci il fevralın 1-dən başlanıb. 1890-cı ildən instrumental müşahidələr müntəzəm xarakter alıb. Gömrük binasının qarşısındakı bənddə futştok quraşdırılıb. O vaxtdan biz bu dövrü Xəzər dənizi səviyyəsinin instrumental müşahidələrinin başlanğıcı hesab edirik.

Xarici həmkarlarımız öz hesablamalarında yalnız Rusiyanın Avropa hissəsinə böyük miqdarda su gətirən Atlantik siklonlarının rol oynadığı iqlim məlumatlarından istifadə ediblər. Lakin onlar qətiyyən nəzərə almayıblar ki, Volqanın və Xəzər dənizi hövzəsinin digər çaylarının sululuğuna, müvafiq olaraq Xəzər dənizinin səviyyəsinə digər əhəmiyyətli amillər də təsir edir. Bunlar cənub, Aralıq dənizi, Qara dəniz siklonları və Xəzərin özüdür. Onlar böyük miqdarda rütubət gətirir, Xəzərə tökülən çayların sululuğuna Atlantik siklonlarından daha çox təsir edirlər. Həmkarlarımız bu amilləri qətiyyən nəzərə almayıblar. Buna görə də, qlobal istiləşmənin hazırda dəbdə olan modelinə arxalanaraq, rus həmkarlarının təkzib etdiyi belə bir məyusedici proqnoz veriblər.

- Amma fakt budur ki, bir neçə ildir, Xəzərin səviyyəsinin aşağı düşməsi tendensiyası var. Suyun səviyyəsinin aşağı düşməsinin səbəbləri nələrdir?
- 2006-cı ildə mən və həmkarlarım dünyada ilk dəfə Şimali Xəzər regionu üçün ultrauzunmüddətli iqlim proqnozu hazırladıq. Proqnoz 11 illik (2006-2017) tərtib olunmuşdu və Günəş aktivliyinə əsaslanırdı. Çünki bütün Yer kürəsinin (həm quruda, həm də okeanda) əsas enerji mənbəyi Günəş enerjisidir. Bu regionda kifayət qədər meteoroloji və hidroloji məlumatlara malik olduğumuz üçün belə bir asılılıq yaratmışıq. Sovet İttifaqı dövründə hidrometeoroloji stansiyalar və postlar şəbəkəsi yaradılıb, onların bəziləri üzrə müşahidələrin sayı yüz ildən artıqdır. Digər dənizlərdə belə uzunmüddətli müşahidələr silsiləsi mövcud deyil və bu bizə regionumuzda Günəş və iqlim dövrləri arasında əlaqə yaratmağa imkan verdi. Bu proqnoz 2006-cı ildə, növbəti (24-cü) Günəş tsiklinin əvvəlində verilmişdi və bu günə artıq tamamlanıb. Proqnozun nəticələrinə əsasən, onun özünü 100% doğrultduğu qənaətinə gəldik. Bu dövrdə quraqlıq və azsulu illərin intensivliyi artdı. Volqa çayından Xəzər dənizinə daha az su axmağa başladı. Yəni illik axın əvvəlki dövrlərlə müqayisədə azaldı. Bu da Xəzərdə suyun səviyyəsinin aşağı düşməyə başlamasına səbəb olub. Həmçinin yay aylarının temperaturu artıb, soyuq qışların sayı çoxalıb. Bütün bu nüansları nəzərə alaraq belə qənaətə gəldik ki, bu cür proqnozlar hazırlamaqda davam etməliyik.

- Xəzər dənizi regionunun inkişafı ilə bağlı başqa proqnoz varmı?
- Həştərxan rayonu, Xəzər dənizinin şimal hissəsi üçün 2044-cü ilə qədər iqlim proqnozu hazırlamışıq – son buz dövrünün birbaşa təsirinə məruz qalan Günəş tsiklinə əsaslanan proqnoz. Günəşin vəziyyətilə bağlı mütəmadi müşahidələr aparan İnstitutun (İZMİRAN) əməkdaşları Günəşimizin “yuxuya getdiyi” qənaətinə gəliblər. Yəni Günəşdə onun fəaliyyətinə “məsul” olan ləkələrin sayı azalır. Buna əsaslanaraq, belə bir nəticəyə gəlirik ki, növbəti, 25-ci dövr 24-cü dövr ilə təxminən eyni olacaq. Yəni yağıntının azalması, isti yay və soyuq qış ayları əvvəlki tsikldə olduğu kimi davam edəcək. Proqnozlarımıza görə, yaxın illərdə regionumuzda iqlim təxminən eyni qalacaq, bu da Xəzər dənizinin səviyyəsinin tezliklə qalxmayacağı anlamına gəlir.

Lakin 26-cı dövrə xüsusi olacaq, çünki o, Maunder mərhələsinin başlanğıcı və Kiçik Buz Dövrünün gəlişi ilə xarakterizə olunan mərhələdir. 2030-cu illərin əvvəllərində günəş aktivliyinin azalması davamlı soyumaya səbəb ola bilər və olmalıdır. Bu, əhali üçün çətin dövr olacaq. Yağıntılar həm yayda, həm də qışda artacaq, lakin digər tərəfdən, çayların axınının çoxalmasına və nəticədə Xəzər dənizinin səviyyəsinin artmasına səbəb olacaq.

Göründüyü kimi, Xəzər dənizinə axan çayların sululuğu daim dəyişir və dənizin səviyyəsi qısamüddətli stabilləşmə ilə ya qalxır, ya da enir. Odur ki, 1930-cu illərdən başlayaraq, Xəzər dənizinin səviyyəsində növbəti fəlakətli azalma müşahidə olundu, 1940-50-ci illərdə bu proses az-çox stabilləşdi, 1960-cı illərdə səviyyənin azalması daha az intensivliklə davam etdi, 1960-cı illərin sonlarında və 1970-ci illərdə Xəzərin səviyyəsi yenidən fəlakətli şəkildə enməyə başladı: 1977-ci ilə qədər dənizin səviyyəsi demək olar ki, 3,5 metr aşağı düşdü, dənizin şimal hissəsinin geniş sahilyanı dayaz yerləri üzə çıxdı, Qızlar (Kizlyar) körfəzi praktik olaraq qurudu və Şimali Xəzərin bütün su sahəsi daha da dayazlaşdı.

Xalq təsərrüfatının dənizlə bu və ya digər şəkildə bağlı bütün sahələri, demək olar ki, ciddi çətinliklərlə üzləşməyə başladı, bəziləri hətta normal fəaliyyətini dayandırdı. O zaman çoxlu xilasetmə layihələri müzakirə olunurdu: şimal çaylarının bir hissəsinin axınının Xəzər dənizinin cənub yamacına keçirilməsi, Türkmənistanda Qaraboğazgöl körfəzinin Xəzər dənizindən ayrılması və s. Aparıcı elm adamları fəlakət olacağını proqnozlaşdırırdılar. Lakin bir çox alimlərin məyusedici proqnozlarına baxmayaraq, 1978-ci ildən Xəzər dənizinin səviyyəsi birdən-birə kəskin yüksəlməyə başladı. Əvvəllər qurumuş böyük sahil zolağı yenidən su altında qaldı və bu dəfə də dənizin intensiv yüksəlməsi səbəbindən çaxnaşma yarandı. Sahilləri daşqınlardan, subasmalardan qorumaq, sahilyanı qəsəbələrin, o cümlədən şəhərlərin sakinlərinin köçürülməsi üçün xüsusi "Xəzər" Federal Hədəf Proqramı (FHP) hazırlandı.

1996-cı ilə qədər Xəzər dənizinin səviyyəsi 2,5 metr qalxdı və sonrakı bir neçə ildə suyun səviyyəsi az-çox stabilləşdi, sonra yenidən azalmağa başladı və bu gün də proses davam edir, ümumi səviyyənin aşağı düşməsi bu gün təxminən 1,5 metrdir. Hazırda Xəzər dənizinin səviyyəsi hələ 1977-ci ilin minimal səviyyəsinə çatmayıb: bu gün o, bir metr yüksəkdir. Bununla belə, zərər artıq hiss olunur. 2030-cu illərin əvvəllərində daha bir dövrə başlayacaq, Xəzər dənizinə axan çayların suyu artacaq, dənizin səviyyəsi yenidən yüksələcək.

Xəzərin şimal hissəsindəki müşahidə məntəqələrində səviyyələrin dayaz sulu olması və dalğalanmalar nəticəsində yaranan dəniz səviyyəsində əhəmiyyətli qeyri-dövri tərəddüdlər səbəbindən hesablamalar üçün Bakı və Mahaçqala üzrə məlumatlar daha etibarlı əsas kimi götürülür. İndi fakt budur ki, Bakı bulvarında suyun 50 metr çəkilməsi artıq 1977-ci ildə müşahidə edilib. Beləliklə, həm Bakı, həm də Mahaçqala xətləri boyunca dənizin orta səviyyəsi mənfi 29 metrə çatıb və hazırda 1977-ci ildəkindən təxminən 1 metr yüksəkdir.

- Xəzərin səviyyəsinin azalması ilə bağlı vəziyyət neçənci illərdə sabitləşəcək?
- Çoxları səviyyənin bundan sonra da aşağı düşəcəyinə inanırdı. Düşündük ki, əlimizdə olanı xilas etməliyik. Hesab olunurdu ki, Qaraboğazgöl körfəzi Xəzər dənizinə zərər verir, amma əslində o, dənizin təbii qəza klapanıdır. Xəzər dənizinin səviyyəsi qalxdıqda boğazdan ildə 30 km³-ə qədər daha çox su axır. Suyun səviyyəsi aşağı düşdükdə buxtaya axın avtomatik olaraq azalır və heç kim bunu tənzimləmir. 70-ci illərdə dənizin səviyyəsi bir az da aşağı düşsəydi, Qaraboğazgölə axın təbii olaraq tamamilə dayanacaqdı. Amma 1981-ci ildə insanlar buxtanın qarşısını torpaq bəndlə bağladılar və həmin vaxt Xəzərin səviyyəsi sürətlə qalxmağa başladı, nəticədə qısa müddətdə 2,5 metr yüksəldi. Böyük sahil ərazilərini, çoxlu sayda yaşayış məntəqələrini su basdı. Təcili olaraq əks xarakterli tədbirlərə - sahilyanı ərazilərin daşqın və subasmalardan qorunmasına ehtiyac var idi! İşə “Xəzər” Federal Hədəf Proqramı da cəlb edildi.

Günəş aktivliyinin növbəti 25-ci dövrü üçün yeni iqlim proqnozumuza əsasən, iqlim vəziyyəti təxminən 24-cü dövrədəki kimi olacaq və hidroloji vəziyyət çox dəyişməyəcək. Səviyyə bu müddətin sonunda azalmağa və sabitləşməyə davam edəcək. Bu proses yaxın 8-10 ildə baş verəcək, güman edirəm ki, dərinlik təxminən 1977-ci ildəki kimi olacaq, yəni mənfi 29 metr. Bundan sonra yeni iqlim dövrü yaranacaq – Xəzər dənizinə axan bütün çayların sululuğu artacaq, müvafiq olaraq Xəzər dənizinin yeni transqressiya (səviyyənin qalxması) dövrü başlayacaq.

- Amma Xəzərdəki bütün proseslərə təsir edən başqa mühüm amillər də var...
- Bəli, bunlar geoloji amillərdir. Dənizin dibində nəhəng yataqlar, lil təbəqələri, gillər və bəzi yerlərdə qalınlığı 10 və daha çox kilometrə çatan çöküntülər var. Orada nəhəng miqdarda karbohidrogen toplanıb – bunlar milyon illər ərzində yığılmış və hazırda intensiv mədən obyekti olan ölü bitki və heyvanlardır.
Daha bir faktor Qafqaz silsiləsidir. Bunlar Alp dağ sisteminin davamı olan gənc dağlardır. Onların formalaşması prosesi hələ də davam edir. Bu silsilənin başlanğıcı Alp dağlarındandır və Xəzər dənizinin qərb sahilində bitir. Lakin silsilə Xəzər dənizinin dibi boyunca suyun altında keçir. Bu yaxınlarda Bakı sahilində püskürən sualtı palçıq vulkanından Xəzərin dibində onlarla var! Haqqında danışdığım proseslər bunlardır. Ancaq bu başqa bir mövzudur.

- Necə düşünürsünüz, Xəzər dənizinə axan çayların sululuğunu artırmaq üçün Xəzəryanı ölkələr tədbirlər görməlidirmi?
- Təbii proseslərə, xüsusən də, kifayət qədər öyrənilməmiş və ya heç öyrənilməmiş proseslərə mümkün qədər az müdaxilə etmək lazımdır. Çayların məcrasını dəyişdirmək, onların axınını öz kefimizlə yenidən bölüşdürmək olmaz. Təbii mühitin monitorinqi üsullarını təkmilləşdirmək, etibarlı məlumatı onun bütün potensial istehlakçılarına operativ şəkildə çatdırmaq lazımdır. Xəzər dənizi hövzəsi çaylarının su ehtiyatlarından qənaətlə və səmərəli istifadə etməli, ən əsası isə Ana Təbiətdən ağıllı olmağa çalışmamalıyıq! Təbiət özünü tənzimləyən bir sistemdir və insanın istənilən müdaxiləsi onun reaksiyasına səbəb olur.
Əvvəllər xarici həmkarlarımı tənqid edirdim, çünki onlar yalnız Atlantikdən rütubətli hava gətirən iqlim proseslərini nəzərə alırdılar. Bu, danılmaz, təbii bir prosesdir. Şimali Atlantikanı ənənəvi olaraq “hava mətbəxi” adlandırırlar. Bütün Avropa qitəsi üçün hava şəraiti məhz orada formalaşır. Bütün proqnozlara baxmayaraq, biz havanı dəyişə bilmərik, odur ki, iqlim proseslərini dəyişmək üçün deyil, onlara uyğunlaşmaq üçün tədbirlər görülməlidir. Xəzəri xilas etməyə ehtiyac yoxdur, o, min illərdir mövcuddur. Onun yüksəlmə və geriləmə mərhələləri olub. Xəzərin yaxın gələcəyi insan əməllərindən deyil, təbii proseslərdən asılı olacaq. Tarixin dərslərini nəzərə almaq lazımdır, onlara qarışmaq olmaz!

- Xəzərin hazırkı durumu faunaya necə təsir edir?
- Ötən əsrdə bir çox alim suitilərin ölüm səbəbini öyrənməyə çalışıblar. Belə bir versiya vardı ki, ölümün səbəbi it taunu xəstəliyidir. Sonra bunun xroniki çirklənmə ilə bağlı olduğu haqda digər versiyalar ortaya çıxdı. Ancaq bu təkcə neftlə deyil, həm də Sovet dövründə Volqa sahillərində mövcud olan və suları çirkləndirən (ağır metallar da daxil olmaqla) çoxsaylı iri müəssisələrin olmasıyla bağlı idi. Alimlərin fikrincə, heyvanların immuniteti bu səbəbdən zəifləyir, onlar müxtəlif xəstəliklərdən tələf olurdular.
Hazırda suyun az olması səbəbindən Şimali Xəzər qışda daimi dona və çoxlu balıq ölə bilər. Səthdə əmələ gələn buz güclü küləklər zamanı yerə çökəcək və balıqları əzəcək. Bu, Xəzər dənizinin şimal hissəsinə aiddir.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Xəzər   Ekologiya  





Xəbər lenti