"Daşaltı düşmənin son ümid nöqtəsi idi" - Polkovnik-leytenant Firuz Bədəlov

   "Daşaltı düşmənin son ümid nöqtəsi idi" -    Polkovnik-leytenant Firuz Bədəlov
  25 Yanvar 2022    Oxunub:776
"Daşaltı əməliyyatındakı uğursuzluq Azərbaycan xalqında ağır psixoloji sarsıntı yaratdı və hadisələrin sonrakı gedişinə ciddi təsir etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun illər bunu təntənə ilə qeyd etdi. Lakin 2020-ci ildə Vətən müharibəsində Daşaltı azad edildi, bu əməliyyatda və ümumiyyətlə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın qisası alındı. Artıq “Daşaltı” dedikdə məğlubiyyət deyil, Qələbə yada düşür. Daşaltı əməliyyatının uğursuzluğunun başlıca səbəbi yeni yaranmaqda olan Azərbaycan Ordusunun maddi-texniki bazasının, silah və texnika ilə təchizatın, ordunun əsgər və zabitlərlə komplektləşdirilməsinin zəif olması, vahid komandanlığın olmaması idi. Buna baxmayaraq, Daşaltı əməliyyatı zamanı əsgər və zabitlərimiz qəhrəmancasına döyüşüblər".
AzVision.az xəbər verir ki, bunu Vətən müharibəsinin iştirakçısı, Daşaltı əməliyyatında iştirak edən polkovnik-leytenant Firuz Bədəlov AZƏRTAC-a müsahibəsində deyib.

Polkovnik-leytenant Firuz Bədəlov Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusunun Daşaltını işğaldan azad etməsindən danışaraq deyib: “44 günlük Vətən müharibəsində Zəfərimizin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılmış islahatlar, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silah-sursat və texnika ilə komplektləşdirilməsi, Ordumuzun zabitlərinin dünyanın aparıcı ölkələrinin nüfuzlu Hərbi akademiyalarında təhsil almaları, hərbi məktəblərimizdə peşəkar zabit kadrların yetişdirilməsi dayanır. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun vahid komandanlıq tərəfindən yüksək səviyyədə idarə olunması, generalların, komandirlərin, zabitlərin düşünülmüş planlama aparmaları nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən qısa müddətdə azad etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Ordumuzun yeni nəsil silahlarla təchiz olunması və onların təlimlərdə yüksək səviyyədə tətbiqi uğurlu əməliyyatlar keçirməyimizə mühüm töhfə verdi.

Daşaltı kəndi Şuşanın 300-400 metr yaxınlığında yerləşir. Azərbaycan Ordusunun bu kəndi işğaldan azad etməsi, düşmən qüvvələrini darmadağın etməsi qarşı tərəfin müqavimətini, döyüş əzmini qırdı. Əlverişli strateji mövqedə yerləşən və işğal dövründə gücləndirilən Daşaltı düşmənin son ümid nöqtəsi idi. Erməni əsgərləri burada ordumuzun qarşısını ala biləcəklərini düşünürdülər. Lakin düşmən buna nail ola bilmədi. Şəxsi heyət Daşaltı əməliyyatı zamanı 1553 metr yüksəklikdən hərəkətə başlamışdı. Biz Topxana meşəsinin arxasında düşmənin müqaviməti ilə rastlaşdıq. Şuşaya qayıdanda onlar bizi atəşə tutdular. Orada mən və zabit yoldaşım, daha bir neçə əsgərimiz yaralandı, şəhidlərimiz oldu. Amma buna baxmayaraq, iradəmizi topladıq. 1992-ci ildəki Daşaltı əməliyyatı da çətin əməliyyat olub. Vətən müharibəsi vaxtı da həmin çətinliklərlə rastlaşdıq. Ancaq döyüş təcrübəsi olan, yaxşı təlim keçmiş əsgər və zabitlərimiz, ən müasir silahlarla təchiz edilmiş bölmələrimiz Azərbaycan Ordusu rəhbərliyinin əvvəlcədən hazırladığı dəqiq plan üzrə hərəkət edərək ən çətin döyüş tapşırığını yüksək peşəkarlıqla yerinə yetirdi”.

AzVision.az



Teqlər: Daşaltı  







Xəbər lenti