Televiziya kanalları HD formatda yayımlanacaq

Televiziya kanalları HD formatda yayımlanacaq
  25 Yanvar 2022    Oxunub:2040
"Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən yüksək dəqiqlikli (HD) formatda yayıma keçəcək.
AzVision.az Milli Televiziya və Radio Şurasının (MTRŞ) saytına istinadla xəbər verir ki, format dəyişikliyi "Azərkosmos", Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Bildirilib ki, yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək. HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Qeyd edək ki, yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq. Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.

https://ntrc.gov.az/storage/524/HD-yayima-kecid-ucun-telimat.pdf

AzVision.az



Teqlər: MTRŞ  





Xəbər lenti