“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb

“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
  25 Yanvar 2022    Oxunub:1018
Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb.
AzVision.az -ın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov komitənin 2022-ci ilin yaz sessiyasında onlayn formatda keçirilən ilk iclasında deyib.

O bildirib ki, bu sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun, ərizə və şikayətlərlə işin təşkili nəzərdə tutulub.

İş planına “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyini deyən komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini bildirib. Komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Daha sonra iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzVision.az



Teqlər: Qanun   Milli-məclis  





Xəbər lenti