Azərbaycanda 22 min manat maaş alan həkim var

   Azərbaycanda 22 min manat maaş alan həkim var
  24 Yanvar 2022    Oxunub:4379
İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olub. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 534 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 22 082 manatdır.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Agentliyin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artıb:

"İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim – oftalmoloqun aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olub. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 529 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 12 769 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 34 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 30 dəfə artıb".

A.Əhmədova qeyd edib ki, cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500,0 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000,0 manatdan az olmamaq şərtilə müəyyən olunur:

"Məsələn, terapevtik və pediatrik profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 9-13-cü dərəcələr arası 415-487 manat təşkil edir. Əlavə olaraq 5000 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 5415-5487 manat arası təşkil edir. Cərrahi və radioloji profilli ixtisaslar üzrə çalışan həkimin aylıq vəzifə (tarif) maaşı Vahid Tarif Cədvəlinə uyğun olaraq 11-15-ci dərəcələr arası 450-528 manat təşkil edir. Əlavə olaraq 6500 manat həvəsləndirici əlavə aldıqda ümumi məbləğ 6950-7028 manat arası təşkil edir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Həkim  



Xəbər lenti