"Gömrük sistemində islahatlar” mövzusunda təlim başlayıb - FOTO

"Gömrük sistemində islahatlar” mövzusunda təlim başlayıb -  FOTO
  24 Yanvar 2022    Oxunub:1659
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) və Medianın İnkişaf Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə jurnalistlər üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim başlayıb.
AzVision.az -ın məlumatına görə, 2 gün davam edəcək 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, reallaşdırılan layihələr, baş turan dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır: "Bu təlim gömrük-media əlaqələrinin daha da gücləndirilməsində, sahəvi jurnalistikanın inkişafında, media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılmasında mühüm rol oynayacaq".



MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova isə bildirib ki, ölkənin müxtəlif orqanlarında gerçəkləşdirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılmasını, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olmasını, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsini təmsil etdiyi qurum daima diqqət mərkəzində saxlayır: "Biz jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və bu təlimin faydalı olacağına əminik".



Təlim çərçivəsində gömrük mütəxəssisləri bu sahədə risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, “Yaşıl Dəhliz” buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair, media mütəxəssisləri isə “Media islahatları: əsas hədəflər” mövzusunda təqdimatlar edəcək.



Təlim çərçivəsində jurnalistlərin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna səfəri planlaşdırılır. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yenilikləri əyani şəkildə müşahidə edə biləcəklər.





Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: Təlim  





Xəbər lenti