Yaponiya səfiri Lerikdə

Yaponiya səfiri Lerikdə
  22 Yanvar 2022    Oxunub:655
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Lerik rayonuna səfər edib.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində Lerik Rayon İcra Hakimiyyətində səfir Vada Cüniçi ilə görüş keçirilib. Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev yaponiyalı qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti, əhalinin məşğulluğu haqqında məlumat verərək, rayonda aqrar bölmənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, rayonun turizm potensialını və son illərdə görülmüş tikinti-quruculuq işlərini diqqətə çatdırıb.

Bildirilib ki, Yaponiya hökuməti Azərbaycanda “Ot köklərı və insan təhlükəsizliyi qrant yardımı proqramı” həyata keçirir. Bu proqram çərçivəsində Lerik şəhər 3 nömrəli tam orta məktəb üçün tədris korpusu, rayonun Şingədulan kəndində həkim məntəqəsi inşa edilib, Lerik Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin binası əsaslı təmir olunub, Pirasora və Conu kəndlərində tibb məntəqələri tikilərək istifadəyə verilib.

Rayonda görülmüş işlərə görə səfirin timsalında Yaponiya hökumətinə minnətdarlığını bildirən C.Baxşıyev yeni layihələrin icrasına ümidvar olduğunu bildirərək, 44 günlük Vətən müharibəsi zamanı Yaponiyanın ölkəmizə göstərdiyi dəstəyə və Qələbəmizin rəmzi olan “Xarı bülbül” döş nişanını sinəsində gəzdirdiyinə görə yaponiyalı diplomata minnətdarlığını ifadə edib.

Səfir Vada Cüniçi Yaponiya-Azərbaycan arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı, region şəhərlərinin də müasirləşdiyini, Lerikdə qarın yaratdığı füsunkar mənzərənin onda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını bildirib.

Vada Cüniçi iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə 2022-ci ildə səfirlik tərəfindən bir sıra rəngarəng tədbirlərin keçiriləcəyini, gələcəkdə Lerikdə layihələrin icrasının davam etdiriləcəyini söyləyib. Səfər çərçivəsində yaponiyalı diplomat Lerik şəhərindəki Uzunömürlülər Muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

AzVision.az



Teqlər: Səfir   Lerik  





Xəbər lenti