Prokurorluq ağac kəsimi ilə bağlı işi istintaqa göndərib

Prokurorluq ağac kəsimi ilə bağlı işi istintaqa göndərib
  19 Yanvar 2022    Oxunub:991
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat və vətəndaş müraciəti əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma başa çatıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilmiş qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da, külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib”, -məlumatda deyilir.

Qeyd olunub ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

AzVision.az


Teqlər: Ağac  





Xəbər lenti