“Fransalı nazir həddini aşıb” – Azay Quliyev

   “Fransalı nazir həddini aşıb” –    Azay Quliyev
  19 Yanvar 2022    Oxunub:731
“Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian dünən həddini aşan bəyanatla çıxış edib. Belə ki, o, yanvarın 18-də Fransa parlamentində etdiyi çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin prezidentliyə namizəd Valeri Pekressin Qarabağa qanunsuz səfəri ilə əlaqədar söylədiyi haqlı fikirlərinin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirib”.
AzVision.az xəbər verir ki, bu sözlər millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevə məxsusdur. Deputat vurğulayıb ki, bu azmış kimi Lö Drian Prezidentimizin əsaslı iradlarına qərəzli və öz səviyyəsinə uyğun şəkildə münasibət bildirən, daha doğrusu, sərsəmləyən Respublikaçılar partiyasının deputatı Erik Siottinə adekvat cavab verməyib, əksinə, onun və Pekressin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı etdiyi açıq hörmətsizliyə haqq qazandırmağa çalışıb.

- Fransanın xarici işlər naziri Drian bununla həm beynəlxalq hüquqa, həm də diplomatik normalara kobud şəkildə hörmətsizlk edib. Çünki bu, adam yaxşı bilir ki, bir ölkənin sərhədlərini pozmaq və qanunsuz olaraq, özü də gizli şəkildə həmin ölkəyə daxil olmaq, həm beynəlxalq, həm də milli qanunlarla qadağandır və bu, cinayət əməli hesab olunur,- Azay Quliyev bildirib.

Onun sözlərinə görə, Fransanın “baş diplomatı” ən azından həmkarlarının bu qanunsuz hərəkətlərinə etiraz etməli və ya bu addımın ölkəsinin rəsmi mövqeyinə zidd olduğunu dilə gətirməli idi: “Xarici işlər naziri kimi o bunu etməyə sadəcə borclu idi. Ancaq o, nəinki bunu etmədi, əksinə, bu qanunsuzluğa haqq qazandıraraq Azərbaycanın Prezidentinə "dil uzatmağa" çalışdı. Artıq neçənci dəfədir ki, Fransa rəsmiləri bu kimi cılız hərəkətləri ilə erməni diasporunun əlində oyuncağa çevrildiklərini və beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplərin onlar üçün nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirirlər.

Hesab edirəm ki, Fransa XİN rəhbərinin bu məsuliyyətsiz bəyanatı nəinki qəbulediməzdir, eyni zamanda diplomatiya və beynəlxalq hüquq adına çox böyük biabırçılıqdır. Fransız nazirin bu hərəkəti yerli və beynəlxalq səviyyədə qınanmalı və qəti şəkildə pislənilməlidir”.

AzVision.az



Teqlər: Fransa   Azərbaycan  





Xəbər lenti