Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri

   Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri
  18 Yanvar 2022    Oxunub:2612
24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzən avtobus marşurutları istifadəyə veriləcək.

AzVision.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib.
O qeyd edib ki, ilk dəfə olaraq azad edilmiş ərazilərə sərnişin daşımaya start verilir: "Bütün bu işlərin başlıca məqsədi böyük qayıdışın təmin edilməsidir. Artıq, görülən işlər həmin ərazilərə sərnişindaşımaya da imkan verir".

A.Rzayev bildirib ki, artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub: "Reyslər Əhmədbəyli - Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Bakı-Şuşa-Bakı marşurutunun birtərəfli qiyməti 10.40 AZN, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək".

Xidmət rəisi bildirib ki, növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək: "Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər".

A.Rzayevin sözlərinə görə, bütün şəxslərə il ərzində yalnız bir dəfə gediş imkanı veriləcək:
"Xüsusilə qeyd edim ki, şəhid ailələri üzvləri, vətən müharibəsi iştirakçıları, milli qəhrəmanları üçün gedişlər ödənişsiz olacaq. Bilet satışları ilə bağlı xüsusi imtiyazlı şəxslərə 10 faiz güzəştlər tətbiq edilir. Sərnişinlərin COVID pasportu yoxlanılacaq. Qarabağ istiqamətinə marşurut xətti üçün nəzərdə tutulan avtobusların texniki göstərişlərinə ciddi diqqət edilib. Xüsusilə Şuşa istiqamətində yolları nəzərə alaraq əyləc sistemi xüsusi güclü olan avtobusların seçilməsinə üstünlük verilib"".

Aytən Zəhra
AzVision.az


Teqlər: Avtobus   Şuşa  





Xəbər lenti