Daxili bazarda gübrələr kəskin bahalaşa bilər - KTN

Daxili bazarda gübrələr kəskin bahalaşa bilər -    KTN
  14 Yanvar 2022    Oxunub:1054
Son zamanlar dünya bazarında mineral gübrənin qiymətinin artması Azərbaycana da təsirsiz ötüşməyib.
Bu barədə AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, hələki daxili bazarda gübrənin qiymətinin artım tempi dünyadakı artıma adekvat deyil:

"Bunun bir neçə səbəbi var. "Aqroservis" ASC-nin ötən ilki qiymətlərlə yığdığı ehtiyatları var. Onlar daxili bazara təklifi əvvəlki qiymətlərlə edirdilər. Digər səbəb isə "Karbomit" zavodunda olan istehsalımız qiymətlərin artımının qarşısını almağa imkan verir. Qeyd olunan səbəblərə görə bu mövsümdə daxili bazarda gübrənin qiyməti kəskin artmadı. Cüzi artımlar müşahidə edilsə də, bu, elə də çox deyildi".

F.Fikrətzadə qeyd edib ki, növbəti mövsümdə dünya bazarında gübrələrin qiymətləri yenidən artarsa, daxili bazarda da kəskin sıçrayışları müşahidə edəcəyik: "Lakin gübrələrin qiymətinin azalması ehtimalı da var.

Dünya bazarında bəzi gübrələrin qiyməti sabit qalsa da, elə gübrələr var ki, onların qiymətləri 2-3 dəfə artıb. Əsasən, xammal bazası təbi qaza bağlı olan gübrələrin qiymətlərində kəskin sıçrayışlar var".

Aytən Zəhra
AzVision.az


Teqlər: Gübrə  





Xəbər lenti