"Azad edilmiş ərazilər hesabına ət və süd məhsulları ilə təminatımız 99 faizə çatacaq"

   "Azad edilmiş ərazilər hesabına ət və süd məhsulları ilə təminatımız 99 faizə çatacaq"
  13 Yanvar 2022    Oxunub:1537
"Təqribi qiymətləndirmələrə görə, ötən il Azərbaycanda rekord həddə - 70 min tona yaxın fındıq istehsal olunub".
Bu barədə AzVision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, bu Azərbaycan tarixində rekord göstəricidir:
"Eyni zamanda çəyirdəkli meyvələrin - gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var. Ötən il iqlim şəraiti ilə əlaqədar pambıq istehsalında keçən dövrlə müqayisədə azalma var. Digər məhsulların istehsalında isə stabil artım müşahidə edilib.

Pambıq sektorundakı cüzi azalmanı nəzərə almasaq, ixrac olunan məhsulları içərisində bu sahədə də artım var. Növbəti illərdə biz pambıqçılıqla bağlı artımın davam edəcəyini gözləyirik.

Eyni zamanda bu il Azərbaycan ilk dəfə 15 milyon dollar civarında bostan məhsulları ixrac edib. Bu yeni trenddir. Əlavə edim ki,  faraş kartofun ixracı 90 min tona çatıb ki, bu da trend hesab olunur. Heyvandarlıqda isə artım dinamikası stabil şəkildə davam edir".

F.Fikrətzadə onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq:

"Bu ərazilərdə heyvandarlıq təsərrüfatları bərpa olunduqdan sonra bizim ət və süd məhsullarına hazırda olan 85 faizlik göstəricimiz,  orta hesabla 99 faizə qədər yüksələcək. Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ət   Süd  





Xəbər lenti