Şuşa və Daşaltının içməli su təchizatı sistemi yaradılır

 Şuşa və Daşaltının içməli su təchizatı sistemi yaradılır
  06 Yanvar 2022    Oxunub:1530
“Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib. İclasda işçi qrupuna daxil olan müxtəlif dövlət təşkilatlarının mütəxəssisləri iştirak edib.
ASC-dən AzVision.az -a verilən məlumata görə, işçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş işlər barədə məlumat verib.

E. Məmmədov bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra “Azərsu” ASC-nin mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlayıb. Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən Şuşaya suyun verilişi bərpa olunub. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Şuşa şəhərinin içməli su təchizatı sistemin yenidən qurulması məqsədilə perspektivdə nəzərdə tutulan işlər barədə məlumat verib.

İşçi qrupunun iclasında su ehtiyatlarının qiymətləndirilməsi, su anbarlarının yaradılması, içməli, tullantı, yağış suları sistemlərinin idarə edilməsi üzrə baş planların hazırlanması, içməli və tullantı sutəmizləyici qurğular üzrə araşdırmaların aparılması, su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri müzakirə edilib, texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, 2021-ci ildə Kiçik Kirs-Şuşa magistral su kəmərinin 5,7 km-lik hissəsi polad borularla yenidən qurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti